Azərbaycan Dünya Bankı ilə dövlət maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması üzrə əməkdaşlığı müzakirə edib
- 12 noyabr, 2025
- 19:13
Maliyyə Nazirliyi Dünya Bankının dəstəyi ilə həyata keçirilən rəqəmsal həllər və informasiya sistemlərinin qiymətləndirilməsi layihəsinin növbəti mərhələləri üzrə praktiki addımları razılaşdırıb.
"Report" xəbər verir ki, bununla bağlı maliyyə nazirinin müavini Himalay Məmişov ölkədə səfərdə olan Dünya Bankının İnstitutlar üzrə Qlobal İctimai Maliyyə və İnvestisiya İdarəçiliyi Təcrübə Meneceri Serdar Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə müzakirələr aparıb.
Görüşdə layihə çərçivəsində həyata keçiriləcək altı əsas modul - dövlət maliyyə idarəetməsi sahəsində informasiya sistemləri və rəqəmsal texnologiyaların müəyyənləşdirilməsi, İKT idarəetmə sisteminin kastomizasiyası, infrastruktur ehtiyacları, kibertəhlükəsizlik səviyyəsi, qarşılıqlı funksional əlaqələnmə və süni intellektə hazırlıq səviyyəsinin qiymətləndirilməsi üzrə geniş fikir mübadiləsi aparılıb.
Oktyabr ayında Maliyyə Nazirliyində keçirilmiş əvvəlki görüşün davamı olaraq, bu dəfəki müzakirələr həmçinin, ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə mexanizmləri, dövlət maliyyə idarəçiliyində tətbiq olunan rəqəmsal platformalara həsr olunub.
H.Məmişov Azərbaycanın dövlət maliyyə idarəçiliyində həyata keçirilən yeniliklər, tətbiq edilən rəqəmsal platformalar barədə ətraflı məlumat verib. O vurğulayıb ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədi bütün sahələrdə rəqəmsal transformasiyanı dəstəkləyir və bu təşəbbüslər dayanıqlı, şəffaf maliyyə idarəçiliyinin inkişafına xidmət edir. Nazir müavini qeyd edib ki, layihə Rəqəmsal Dövlət Maliyyə İnformasiya sisteminin arxitekturasının formalaşdırılmasına, o cümlədən nəticəəsaslı büdcə idarəçiliyinin gücləndirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına mühüm töhfə verəcək.
S.Yılmaz Azərbaycan hökumətinin rəqəmsal transformasiya və dövlət maliyyə sistemlərinin müasirləşdirilməsi istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirib. O, planlaşdırılan layihənin ölkədə dayanıqlı və şəffaf maliyyə idarəçiliyi üçün yeni imkanlar yaradacağını bildirib.
Sonda tərəflər layihənin uğurlu icrası üçün birgə fəaliyyətin və koordinasiyanın vacibliyini vurğulayıblar.