Azərbaycan dövlət büdcəsinin neft sektoru üzrə gəlirlərinin tərkibi açıqlanıb
- 02 noyabr, 2023
- 07:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan dövlət büdcəsinin neft sektoru üzrə gəlirlərinin 74,5 %-ni və ya 12 milyard 781 milyon manatını Dövlət Neft Fondundan transfert, 25,5 %-ni və ya 4 milyard 383 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcəyi nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişləri 2 milyard manat, neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində Azəri-Çıraq-Günəşli (AÇG) layihəsi üzrə mənfəət vergisi 370 milyon manat, "Şahdəniz" yatağından hasil edilən təbii qazın ixracı üzrə isə mənfəət vergisi 1 milyard 605 milyon manat nəzərdə tutulur.
SOCAR və onun törəmə müəssisələri tərəfindən 2 milyard 408 milyon manat məbləğində dövlət büdcəsinə vergi ödənişləri nəzərdə tutulur ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 208 milyon manat və ya 9,5 %, 2022-ci ilin icrası ilə müqayisədə isə 395,3 milyon manat və ya 19,6 % çoxdur. SOCAR üzrə proqnozlaşdırılan daxilolmaların 2 milyard manatı və ya 83,1 %-i vergi orqanlarının xətti ilə daxilolmaların, 408 milyon manatı və ya 16,9 %-i isə dividend ödənişlərinin payına düşür. Qeyd edək ki, 2024-cü ilin Yanacaq Enerji Balansının proqnoz göstəriciləri nəzərə alınmaqla minimum vergi öhdəlikləri üzrə hesablamalar aparılıb.
Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG və "Şahdəniz" layihələri üzrə mənfəət vergisi ümumilikdə 1 milyard 975 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan müvafiq olaraq 2 milyard 027 milyon manat və ya 2 dəfə, 2022-ci ilin icrası ilə müqayisədə isə 3 milyard 418,9 milyon manat və ya 2,7 dəfə azdır. 2023-cü ilin büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb 2024-cü ildə AÇG üzrə neft hasilatının 1,1 milyon ton (gündəlik 22 min barel) azalması, "Şahdəniz" layihəsi üzrə qazın orta qiymətinin cari il üzrə gözləniləndən 46,8 % (275 ABŞ dolları) az olmaqla hesablanması ilə bağlıdır. 2022-ci ilin faktıki icrası ilə müqayisədə azalmaya səbəb neftin 1 barelinin orta satış qiymətinin 43,6 ABŞ dolları, təbii qazın qiymətinin isə 1 164,5 ABŞ dolları az götürülməklə hesablamaların aparılması ilə əlaqədardır.