Azərbaycan banklarında 800 milyon manata yaxın qeyri-işlək kredit var
- 03 oktyabr, 2025
- 17:44

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunın qeyri-işlək kredit portfeli 787 milyon manat təşkil edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu, yanvarın 1-nə nisbətən 20,1 % və yaxud 132 milyon manat çoxdur.
Yanvar-iyun aylarında qeyri-işlək kredit portfelindəki artımın 75 milyon manatı istehlak kreditlərinin, 56 milyon manatı biznes kreditərinin, 1 milyon manatı isə ipoteka kreditlərinin hesabına baş verib. Beləliklə, hazırda istehlak kreditlərinin 321 milyon manatı (30 % çox), biznes kreditlərinin 431 milyon manatı (14,9 % çox), ipoteka kreditlərinin isə 35 milyon manatı (3,5 % çox) qeyri-işləkdir.
I yarımildə qeyri-işləklərin cəmi kredit portfelində payı 0,4 faiz bəndi artaraq 2,8 % təşkil edib. O cümlədən, istehlak kreditləri üzrə qeyri-işlək pay 0,7 faiz bəndi artaraq 3,6 %, biznes kreditləri üzrə qeyri-işlək pay 0,3 faiz bəndi artaraq 2,8 %, ipoteka kreditləri üzrə qeyri-işlək pay isə dəyişməyərək 0,8 % qalıb.
"Hesabat dövründə qeyri-işlək kredit portfelinin artımı əsasən tikinti sektoru üzrə müşahidə olunub. Təhlillər biznes portfelində qeyri-işlək kreditlərin artımının fərdi müştərilərin hesabına olduğunu və sistem xarakteri daşımadığını göstərib.
İpoteka portfeli üzrə qeyri-işlək kredit əmsalı son illərin ən aşağı həddindədir. Dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin qeyri-işlək kredit əmsalı 0,3 %, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditləriinn qeyri-işlək kredit əmsalı 1,4 % olub", - deyə hesabatda qeyd olunub.