"Azərbaycan Banklar Assosiasiyası"nın Rəyasət Heyətinin tərkibi yenilənib

Maliyyə
  • 25 fevral, 2025
  • 11:29
Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin tərkibi yenilənib

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin (RH) tərkibində dəyişiklik olub.

"Report" ABA-ya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun Ümumi Yığıncağında qəbul edilib.

Qərara əsasən, RH-də təmsil olunan "Kapital Bank" ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Rövşən Allahverdiyev Bankın İdarə Heyətinin (İH) sədri Fərid Hüseynovla əvəzlənib. RH-nin sədri “Rabitəbank” ASC-nin MŞ-nın sədri Zakir Nuriyev qalıb, digər üzvlər isə aşağıdakı kimi saxlanılıb:

- "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İH-nin sədri Abbas İbrahimov,

- "PAŞA Bank" ASC-nin İH-nin sədri Cavid Quliyev;

- "Xalq Bank" ASC-nin MŞ-nın sədri Asim Məmmədli

- “Bank Respublika” ASC-nin MŞ-nın sədri Şakir Rəhimov;

- “Bank of Baku” ASC-nin MŞ-nın sədri Elçin İsayev;

- “Unibank” ASC-nin MŞ-nın sədri Eldar Qəribov;

- “Yapı Kredi Bank Azərbaycan” ASC-nin İH-nin sədri Cenk Yüksel;

- “Ziraat Bank Azərbaycan” ASC-nin İH-nin sədri Səlcuq Dəmir;

- “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) İH-nin sədri Məmməd Musayev;

Yığıncaqda həmçinin ABA və törəmə qurumlarının 2024-cü il üzrə fəaliyyətinə dair ümumi və maliyyə hesabatı, 2025-ci il üzrə iş planı, Assosiasiyanın 35 illik və Azərbaycan Bank-Maliyyə Tədris Mərkəzinin 25 illik yubileylərinin keçirilməsi ilə bağlı tədbirlər planı müzakirə edilib.

ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək, fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 22 bank və 2 BOKT, 4 digər təşkilat ABA-nın üzvüdür.