Azərbaycan bankı öz vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Maliyyə
  • 07 yanvar, 2017
  • 07:03
Azərbaycan bankı öz vəsaiti hesabına ipoteka kreditləşməsini dayandırıb

Bakı. 7 yanvar. REPORT.AZ/ “Rabitəbank” ASC müştərilərə öz vəsaiti hesabına ipoteka kreditlərinin verilməsini dayandırıb. Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, buna səbəb Azərbaycan manatının məzənnəsi ilə bağlı mövcud vəziyyətdir: “Daxili ipoteka proqramı çərçivəsində kreditlər manatla, 5 il müddətinə, illik 17%-lə verilirdi. Hazırda milli valyuta getdikcə ucuzlaşır və həmin şərtlərlə ipoteka kreditləşməsi bank üçün sərfəli deyil”.

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 20,29 manat olan 2 390 343 səhm əsasında formalaşıb. Səhmlərin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (Baş director), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə 12 hüquqi şəxsə məxsusdur.