Azərbaycan bankı depozit hərracında cəlb etdiyi vəsaitin məbləğini açıqlayıb
- 10 iyun, 2025
- 16:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"PAŞA Bank" ASC Maliyyə Nazirliyinin depozit hərraclarında 200-250 milyon manat vəsait cəlb edib.
"Report" xəbər verir ki, bunu Bankın baş maliyyə inzibatçısı Murad Süleymanov 2024-cü ilin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi bank nazirliyin aprel ayından bəri keçirdiyi 5 hərracdan 3-də iştirak edib, son 2 hərraca isə qatılmayıb.
"Bu hərracların bank sektorunun likvidliyinə müsbət təsiri var. Digər banklar da bundan faydalanırlar. Son 2 hərracda pula ehtiyacımız olmadığı üçün iştirak etmədik, bu, şərtlərin xoşumuza gəlməməsi ilə bağlı deyil, sadəcə indi ehtiyacımız yoxdur. Sabah ehtiyac yaransa, bankımız o mənbədən istifadə etməyə də meylli olacaq. Burda xüsusi yanaşma yoxdur", - deyə "PAŞA Bank" rəsmisi qeyd edib.