Azərbaycan aviaşirkətinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 17 noyabr, 2021
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Noyabrın 19-da “Bakı Fond Birjası” QSC-də “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə ümumi dəyəri 25 milyon ABŞ dolları olan istiqrazlar standart bazar seqmentində listinqə daxil edilsə də, sonradan aviaşirkət Azərbaycan Mərkəzi Bankına müraciət edərək istiqrazlarını sayının 60% azaldılmasını istəyib və bu müraciət nəzərə alınıb. Beləliklə, hərraca hər birinin nominal dəyəri 1 000 dollar olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılacaq. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək, 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.