“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb
- 12 iyul, 2024
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC bu ilin I yarısını 13,55 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 89,5 % çoxdur.
Yanvar-iyun aylarında “Azər-Türk Bank”ın gəlirləri 67,972 milyon manat (illik müqayisədə 55,9 % çox), xərcləri 49,915 milyon manat (51 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,012 milyon manat (13,2 % çox), mənfəət vergisi ödəmələri isə 2,496 milyon manat (56 % çox) təşkil edib.
Bu il iyulun 1-nə “Azər-Türk Bank”ın aktivləri 1 milyard 496,059 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 76 % çoxdur. Bunun 739,783 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 85,1 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 80,9 % artaraq 1 milyard 397,53 milyon manata, o cümlədən depozit portfeli 2,3 dəfə artaraq 891,772 milyon manata, balans kapitalı isə 27,6 % artaraq 98,528 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.