Azər Əmiraslanov: "Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil"

Maliyyə
  • 16 noyabr, 2026
  • 11:32
Azər Əmiraslanov: Neftin yüksək qiymətləri büdcə xərclərini artırmaq üçün yetərli deyil
Azər Əmiraslanov

Dünya bazarında neftin qiymətinin yüksək olması dövlət büdcəsinin xərclərinin artırılması üçün yetərli deyil.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında 2027-ci ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.

"2027-ci ilin büdcə zərfində neftin bir barrelinin orta illik qiyməti 65 ABŞ dolları götürülüb. Hazırkı bazar qiymətinin bu göstəricidən təxminən 50 %-ə qədəryüksək olması və davamlı dəyişməsi neftin büdcə qiymətinin artırılması ilə bağlı müəyyən gözləntilər yarada bilər. Lakin dünya neft bazarında cari qiymətlərin yüksəlməsi dayanıqlı tələb amilləri ilə deyil, geosiyasi risklər və təklif məhdudiyyətləri ilə izah olunur. Bu baxımdan neftin orta illik proqnoz qiymətini ehtiyatlı büdcə planlaşdırılması üçün əsaslı baza hesab edirik", - deyə o qeyd edib.

Deputatın sözlərinə görə digər bir məsələ əlavə neft gəlirlərinə münasibətlə bağlıdır: "Bəzən bu fikir səslənir ki, neftin qiyməti yüksəkdirsə, əlavə gəlirlər niyə dərhal xərclənmir? Hesab edirik ki, bu suala fiskal dayanıqlılıq prinsipi əsasında yanaşmalıyıq. Müvəqqəti gəlirlərlə daimi xərcləri maliyyələşdirmək, başqa sözlə, daimi xərc öhdəlikləri yaratmaq doğru yanaşma deyil. Çünki büdcə gəlirləri baxımından əlverişli görünən bazar konyunkturası hər an dəyişə bilər. Fiskal siyasət büdcə üçün əlverişli konyunktura şəraitində də məsuliyyətli və qənaətyönümlü olmalıdır. Dövlət maliyyə sistemində dayanıqlılığın əsas sınağı böhranlı illər deyil, gəlirlərin yüksək olduğu dövrdür. Yüksək gəlir şəraitində bütün əlavə resursların xərclənməsi konyunkturdən asılı olan fiskal siyasətə, bu da son nəticədə maliyyə risklərinə gətirib çıxarır. ​Belə ki, əlverişli konyunkturda xərclər sürətlə artır, bazar şərtləri pisləşdikdə maliyyə imkanları daralır. Yeni büdcə siyasətinin əsas məqsədlərindən və prinsiplərindən biri məhz bu asılılığın azaldılmasıdır".