“AXA Mbask” müştərilərinə yeni xidmət təqdim edib
- 25 sentyabr, 2017
- 06:40
Bakı. 25 sentyabr. REPORT.AZ/ “AXA Mbask” Sığorta Şirkəti ASC müştərilərinə onlayn rejimdə göstərdiyi xidmətlərin sayını artırıb.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, “AXA Mbask”ın www.axambask.az ünvanında yerləşən rəsmi internet səhifəsində fərdi və korporativ müştərilər üçün yeni xidmət – "Şəxsi Kabinet" istifadəyə verilib. Artıq müştərilər sığorta şəhadətnamələri və sığorta hadisələri haqqında bütün mümkün məlumatları internet bağlantısının olduğu istənilən yerdən istənilən vaxt əldə edə bilər. Bu layihə müştərilərin şirkətlə qarşılıqlı münasibətlərinin mümkün qədər sadə və rahat olmasına istiqamətlənmiş müştəriyönümlü strategiya çərçivəsində reallaşdırılıb.
Şəxsi kabinetə daxil olmaq üçün prosedur çox sadədir və cəmi bir neçə dəqiqə vaxt aparır. Bunun üçün ilkin qeydiyyat prosedurundan keçmək lazımdır. Belə ki, sığorta edilmiş şəxs pin kodunu və yaxud VÖEN-ni daxil edir və SMS-lə fərdi şifrəsini alır.
Sığorta müqavilələri haqqında bütün məlumatlar və müştərilərin şəxsi məlumatları etibarlı surətdə qorunur. Müştərilər yeni imkandan istifadə etməklə günün 24 saatı, həftənin 7 günü ərzində bütün (qüvvədə olan və əvvəlki) sığorta polisləri üzrə ətraflı məlumat əldə edə, sığorta hadisələri üzrə işlərin baxış statusunu dəqiqləşdirə, çatışmayan sənədlər haqqında əlavə məlumat ala və əlaqə məlumatlarını idarə edə bilərlər.
"Şəxsi kabinet" zərərin tənzimlənməsi prosesini müştəri üçün şəffaf və anlaşıqlı etməyə imkan verir. Bu da son nəticədə onun şirkətə loyallığını artırır. Gələcəkdə "Şəxsi kabinetə" yeni funksiyalar əlavə ediləcək və əhəmiyyətli dərəcədə genişləndiriləcək.
“Sığorta bazarında müştərilərə xidmət daha yüksək standartlara uyğunlaşdırılaraq daima inkişaf edir. “AXA Mbask müştərilərin arzularını qabaqcadan duymağa çalışır, onların şirkətlə kommunikasiyalarının sadəliyinə və rahatlığına böyük diqqət yetirir. Məhz buna görə şirkət ardıcıl olaraq xidmətin təkmilləşdirilməsinə yönəlmiş veb-servisləri inkişaf etdirir”, - deyə “AXA Mbask”ın açıqlamasında bildirilir.