“AXA Mbask”ın aktivləri 8% artıb

Maliyyə
  • 31 mart, 2017
  • 05:12
“AXA Mbask”ın aktivləri 8% artıb

Bakı. 31 mart. REPORT.AZ/ “AXA Mbask” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 38,291 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,4% çoxdur.

2016-cı ildə “AXA Mbask”ın uzunmüddətli aktivləri 8,3% artaraq 8,898 mln. manat, qısamüddətli aktivləri isə 8,4% artaraq 29,393 mln. manat olub.

Ötən il şirkətin cəmi öhdəlikləri 14,2% artaraq 18,312 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 14,9% artaraq 17,563 mln. manat, qısamüddətli öhdəlikləri isə 0,3% azalaraq 0,748 mln. manat olub.

Hesabat dövründə sığortaçının cəmi kapitalı isə 3,6% artaraq 19,98 mln. manata çatıb.

2016-cı ildə “AXA Mbask”ın cəmi gəlirləri 25,761 mln. manat (2015-ci ilə nisbətən 2,6% çox), cəmi xərcləri isə 25,256 mln. manat (1,8% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 505 min manat olub ki, bu da illik müqayisədə 66,8% çoxdur.

“AXA Mbask” ötən il 101 min manat mənfəət vergisi ödəyib və ili 404 min manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "AXA-Mbask" 1992-ci ildə "Mbask" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Onun nizamnamə kapitalı 19 733 738 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 382 manat olan 51 569 səhm əsasında formalaşıb. Səhmlər 100% Fransanın "AXA" sığorta qrupunun İspaniyadakı törəməsi - "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros" şirkətinə məxsusdur.