Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
- 05 noyabr, 2026
- 02:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı və Suriya liderlərinin Ər-Riyadda keçirilən danışıqlarının yekununda iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlıq sazişi imzalanıb.
"Report" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Mətbuat Agentliyi (SPA) Suriyanın Prezidenti Əhməd əş-Şaraanın krallığa səfərinə istinadən məlumat yayıb.
Tərəflər, həmçinin Səudiyyə Ərəbistanının Sənaye və Mineral Ehtiyatlar Nazirliyi ilə Suriyanın Sənaye, Daxili Ticarət və İstehlakçı Hüquqlarının Müdafiəsi Nazirliyi arasında anlaşma memorandumu imzalayıblar.
Görüş zamanı Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud və Suriyanın Prezidenti Əhməd əş-Şaraa ikitərəfli münasibətlərin inkişafını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Liderlər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, hərbi eskalasiyanın dünya iqtisadiyyatının sabitliyinə və enerji təchizatına ciddi təsirlərini qeyd ediblər.
Ər-Riyad və Dəməşq böhranların diplomatik yolla həllinin və regionda gərginliyin azaldılmasının vacibliyini vurğulayıblar.