“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xalis mənfəəti 25 % artıb
- 10 aprel, 2025
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2024-cü ili 72 min manat xalis mənfəətlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 25,1 % çoxdur.
Ötən il “Aqrar Sığorta"nın gəlirləri 12,727 milyon manat (əvvəlki ilə nisbətən 11,8 % çox), xərcləri 12,626 milyon manat (11,7 % çox), mənfəəət vergisi ödəmələri isə 30 min manat (74,6 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 14,604 milyon manat olub ki, bu da illik müqayisədə 7,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9 % artaraq 12,261 milyon manata, balans kapitalı isə 3,2 % artaraq 2,342 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.