AMFA: "Mikrokreditlər alan qadın sahibkarların xüsusi çəkisi 32 %-ə çatıb"
- 12 iyul, 2023
- 07:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda mikrokreditlər alan qadın sahibkarların xüsusi çəkisi 1996-cı ildə cəmi 4 % olduğu halda, hazırda 32 %-dir.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva Bakıda qadınların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı təlimdə bildirib.
Onun sözlərinə görə, bu gün qadın sahibkarlar əsasən kənd təsərrüfatı sahəsində fəaliyyətə maraq göstərir, lakin iqtisadiyyatın digər sahələrinə də onların marağı artmaqdadır.
"Qadın sahibkarlığı ümumi daxili məhsulun artmasına ciddi töhfə verə bilər", - deyə J.Hacıyeva qeyd edib.
Təlimdə çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) rəsmisi Leyla Fəthi bildirib ki, proqram 170 ölkəni əhatə edir, gender bərabərliyinə, eləcə də yoxsulluğun aradan qaldırılmasına, yaxşı idarəetməyə, sülhün qorunmasına, iqlim dəyişikliyni və fəlakətlərin idarə edilməsi, iqtisadi inkişafa dəstək verir, hökümətlərlə birgə iş apararaq Dayanıqlı İnkişaf Məqsədlərinin milli inkişaf proqramlarına və siyasətlərinə inteqrasiya olunmasına kömək edir.
"Qadınların səlahiyyətlərinin genişləndirilməsi prinsipləri "Cənubi Qafqazda qadınların səlahiyyətlərinin genişləndirilməsi" layihəsi çərçivəsində təbliğ edilir. Bu layihə UNDP, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilir, Azərbaycanın 4 regionunda icra edilir. Regionlarda Qadın Resurs Mərkəzlərinin yaradılması istiqamətində işimizi qurmuşuq. Bu mərkəzlər kəndli qadınlar üçün böyük imkanlar yaradır, onlara böyük şəbəkə qurmağa kömək edir. Artıq 15 regionda Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir, onlardan 8-i QHT kimi qeydiyyatdan keçib və fəaliyyətini davam etdirir", - deyə L.Fəthi qeyd edib.
Onun sözlərinə görə, "Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri" əsas Dayanıqlı İnkişaf Məqsədlərindən olan gender bərabərliyinə nail olmaq üçün korporativ səviyyədə nümayiş etdirilə biləcək ən böyük dəstəyi ifadə edir: "Bu prinsipləri qəbul edən özəl müəssisələr qadınları səlahiyyətləndirən təcrübələri inkişaf etdirərək "Gündəlik 2030"a öz töhfələrini verirlər".
20-yə qədər özəl şirkət nümayəndələrinin iştirak etdiyi praktiki təlimdə BMT-nin Qadınlar Təşkilatı və BMTİP-nin ekspertləri Azərbaycanda özəl şirkətlər tərəfindən daha çox qəbul edilən 2-ci - qadınlar və kişilər üçün işdə bərabər imkanlar, inklüzivlik və ayrı-seçkiliyin olmaması, 3-cü - sağlamlıq, təhlükəsizlik və zorakılıqdan azad iş mühiti, 5 - təchizat zənciri və marketinq təcrübələri və 6 - icma təşəbbüsləri və marketinq prinsiplər haqqında geniş nəzəri məlumatlar verərək və mövcud dünya təcrübəsindən nümunələr paylaşıblar.
Gürcüstanın “BIM³” MMC və MBC Mikromaliyyə Təşkilatının nümayəndələri Qvantsa Patsatsia və Ana Kuxaleişvili öz təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşüblər.
Qeyd edək ki, bərabərlik və inklüzivlik prinsiplərinə sadiqliyin bir hissəsi kimi, BMT-nin İnkişaf Proqramı qadınların səlahiyyətlərinin artırılmasını və həyatın bütün sahələrində iştirakını təşviq edir. 2011-ci ildən BMT-nin İnkişaf Proqramı qadınların iqtisadi və sosial iştirakını gücləndirmək üçün Azərbaycan hökuməti və BMT-nin əsas tərəfdaşları, donor icması, vətəndaş cəmiyyəti təşkilatları və özəl sektorla əməkdaşlıq edir.
Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri (QSGP) gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və icmada səlahiyyətlədirilməsini təşviq edilməsində biznes rəhbərliyi üçün təklif edilən prinsiplər toplusudur. BMT Qlobal saziş və BMT-nin Qadınları tərəfindən yaradılmış “QSGP-lər” beynəlxalq əmək və insan hüquqları standartlarından qaynaqlanır və bizneslərin gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsində payı və məsuliyyətinin olduğunun tanınmasına əsaslanır.