AMB: Zəlzələ risklərini hesablamaq üçün statistik məlumatlar kifayət etmir

Maliyyə
  • 30 iyun, 2026
  • 12:06
AMB:  Zəlzələ risklərini hesablamaq üçün statistik məlumatlar kifayət etmir

Azərbaycanda zəlzələ risklərini hesablamaq üçün statistik məlumatlar kifayət etmir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Əmlak Sığortası və Risklərin Qorunması: Evlərin və Bizneslərin Təhlükəsizliyinin Təmin Edilməsi" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ümumilikdə, təbii fəlakətlərin başvermə ehtimalını və tezliyini müəyyən etmək üçün xüsusi modelləşdirmələr aparılır: "Çünki bu cür hadisələr müntəzəm baş vermir. Sığorta sahəsində bu, daha çox yüksək zərər, lakin aşağı tezlikli risklər kimi qiymətləndirilir. Belə hadisələr nadir baş versə də, baş verdikdə çox böyük maliyyə itkisinə səbəb olur. Buna ən yaxşı nümunə zəlzələlərdir. Təbii fəlakətlər nəticəsində zərərin başvermə ehtimalı aşağı olsa da, baş verdiyi halda dəyən ziyanın həcmi çox böyük olur. Bu səbəbdən belə risklərin qiymətləndirilməsi adi statistik yanaşmalarla mümkün olmur. Məsələn, yanğın hadisələri üzrə sığorta şirkətlərinin kifayət qədər statistik bazası var. Şirkətlər topladıqları sığorta haqları ilə ödədikləri kompensasiyaları müqayisə edərək riskləri hesablayır və adekvat sığorta haqqını müəyyənləşdirirlər".

Bununla belə, AMB rəsmisi deyib ki, zəlzələ kimi nadir baş verən hadisələrdə yalnız statistik məlumatlara əsaslanmaq mümkün deyil: "Buna görə beynəlxalq təcrübədə xüsusi risk modelləşdirməsindən istifadə olunur, seysmoloji metodologiyalar tətbiq edilir, seysmoloqların bilik və təcrübəsindən yararlanılır. Qiymətləndirmə yalnız keçmiş statistikaya deyil, həm də süxurların və yer qatlarının hərəkəti, qırılma xətləri, onların istiqaməti və mümkün təsirləri kimi çoxsaylı geoloji amillərin təhlilinə əsaslanır".

Bundan başqa, onun sözlərinə görə, fövqəladə hallar, xüsusilə də genişmiqyaslı təbii fəlakət baş verdikdə, zəlzələ üzrə konsepsiya hazırlanarkən əsas diqqət belə hadisələrin tez-tez yaşandığı ölkələrin təcrübəsinə yönəldilməlidir: "Çünki zəlzələ riski olmayan ölkələrin təcrübəsi bu sahədə hər zaman tam tətbiqolunan olmur. Konsepsiyanı hazırlayarkən əsasən Türkiyə və Yaponiyanın təcrübəsini araşdırdıq. Təsadüfən, həmin dövrdə Türkiyədə dağıdıcı Maraş zəlzələsi baş verdi ki, bu da real təcrübəni yaxından öyrənmək imkanı yaratdı. Yaponiya isə zəlzələlərin daha tez-tez baş verdiyi ölkə olduğu üçün onun təcrübəsi ayrıca təhlil edildi. Türkiyə təcrübəsi göstərdi ki, güclü zəlzələ zamanı sığortaçıların hadisə zonasına daxil olması, zərərin qiymətləndirilməsi və digər prosedurlar ciddi çətinliklərlə üzləşə bilər. Buna səbəb insan itkiləri, infrastrukturun dağılması və sosial vəziyyətin mürəkkəbləşməsidir. Bununla belə, Türkiyə sığortaçıları və təkrar sığorta şirkətləri ödənişləri operativ şəkildə həyata keçirməyə nail oldular".

"Bu səbəbdən zərərlərin tənzimlənməsi üçün Yaponiya modelindən istifadə etməyi məqsədəuyğun hesab etdik. Həmin modeldə dövlətin səlahiyyətli qurumu binaya dəyən ziyanın məbləğini deyil, zərərin səviyyəsini və hansı hissələrin zədələndiyini müəyyən edir.

Konsepsiyaya əsasən, fövqəladə hal zamanı hadisə yerinə ilk daxil olmaq səlahiyyəti olan dövlət qurumu zərər görmüş və sığortalanmış əmlak barədə məlumatı elektron qaydada İcbari Sığorta Bürosuna ötürəcək. Büro isə həmin məlumatı müvafiq sığorta şirkətinə göndərəcək. Sığorta şirkəti məlumatı aldıqdan sonra yeddi iş günü ərzində sığorta ödənişini vətəndaşın əvvəlcədən bəyan etdiyi bank hesabına köçürəcək. Bu mexanizm zəlzələ nəticəsində evsiz qalan vətəndaşların qısa müddətdə maliyyə vəsaiti əldə etməsinə, yeni yaşayış yeri tapmasına və digər təxirəsalınmaz ehtiyaclarını qarşılamağa kömək edəcək. Hesab edirik ki, bu yanaşma zəlzələ zamanı sosial təsirlərin azaldılmasına xidmət edəcək. Konsepsiyada rəqəmsallaşmaya da xüsusi yer ayrılıb və qeyd olunan mexanizmlərin əksəriyyəti artıq qanunvericilikdə nəzərdə tutulub. Hazırda konsepsiya hökumətdə müzakirə mərhələsindədir", - deyə AMB rəsmisi əlavə edib.

44 - Tezliklə