AMB-nin sədri: "İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır"

Maliyyə
  • 17 iyun, 2026
  • 09:41
AMB-nin sədri: İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır

İslam maliyyəsinin gələcəyi kollektiv fəaliyyətdən asılıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.

"Hədəflərimizdən biri həm yerli maliyyə institutlarında insan kapitalının inkişafını təmin etmək, həm də nəzarət orqanlarının, müstəqil auditorların və digər bazar iştirakçılarının peşəkar potensialını gücləndirməkdir. Beynəlxalq tərəfdaşlarımızla birgə seminar və təlimlər təşkil etməklə potensialın artırılmasını dəstəkləməyə, effektiv İslam maliyyəsi ekosisteminin formalaşmasına töhfə verməyə sadiqik.

Vurğulamaq istərdim ki, növbəti mərhələnin uğuru ayrı-ayrı milli səylərlə deyil, kollektiv fəaliyyətlə müəyyən olunacaq. Səmimi qəlbdən inanıram ki, bu forumun ən mühüm nəticələrindən biri yurisdiksiyalarımız arasında institusional əməkdaşlığın daha da güclənməsi olacaq. Bugünkü tədbir isə İslam maliyyəsində dürüstlük, şəffaflıq və innovasiyaya sadiqliyin növbəti təsdiqidir", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, Azərbaycan İslam maliyyə ekosisteminin inkişafına töhfə verməyə hazırdır: "IsDB Qrupunun 20-ci Forumunu qeyd etdiyimiz bu günlərdə, biz eyni zamanda bu ekosistemin gələcəyini də formalaşdırırıq. Azərbaycan islahatçı ölkə və regionlarla bazarlar arasında körpü kimi bu gələcəyin bir hissəsi olmağa sadiqdir. Coğrafiya şəraitimizi formalaşdırır, seçimlərimiz isə gələcəyimizi müəyyən edir. Hara getdiyimiz və oraya necə çatacağımızla bağlı aydın baxışımız var. Tariximiz hər zaman kəsişmə nöqtələrindəki rolumuzla səciyyələnib. Gələcəyimiz də bu gün burada qurduğumuz əməkdaşlıq və əlaqələrlə formalaşsın".

44 filmi