AMB-nin 7 ayda valyuta bazarına alışyönlü müdaxiləsi 2 milyard dolları keçib

Maliyyə
  • 31 iyul, 2026
  • 11:23
AMB-nin 7 ayda valyuta bazarına alışyönlü müdaxiləsi 2 milyard dolları keçib

Bu ilijn yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarına 2 milyard 77 milyon ABŞ dolları dəyərində alışyönlü müdaxilə edib.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Bu ilin 6 ayının, eləcə də iyul ayının nəticələrini nəzərə alsaq, nəğd valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib. 2026-cı ilin I yarısında AMB hərraclar vasitəsilə 757 milyon ABŞ dolları satıb. Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk 6 ayında isə 3,6 milyard ABŞ dolları olub. Beləliklə, hərraclar vasitəsilə satılan valyutanın məbləğində kəskin azalma müşahidə olunur. Bundan əlavə, aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan yalnız 11-i baş tutub. Yəni, 23 hərracda iştirak edən, dollar alan olmayıb. Biz demişik ki, 70 milyon dollar satırıq, heç kim gəlib almayıb. ​Bu da 2016–17-ci illərdən bəri ilk dəfədir ki, həraclarda belə bir vəziyyət yaranır. Baş tutmuş hərraclarda ümumilikdə 243,4 milyon ABŞ dolları satılıb. Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib. Ehtiyatların səmərəli idarə olunması və alışyönümlü müdaxilələr nəticəsində bizim valyuta ehtiyatlarımız 19,4 % və ya 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollarına yüksəlib", - deyə o qeyd edib.

T.Kazımovun sözlərinə görə, bu prosesi bank sektorunda dollarlaşmanın azalması da dəstəkləyir: "2026-cı ilin iyun ayının sonuna rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25,6 % təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalma deməkdir.

Qeyri-rezident fiziki şəxslərin əmanətlərində də dedollarlaşma davam edir. Belə ki, iyun ayının sonuna onların əmanətlərinin dollarlaşma səviyyəsi 53,5% olub. Bu göstərici ilin əvvəli ilə müqayisədə 8,3 faiz bəndi azalıb. Eyni zamanda, ilk 6 ayda fiziki şəxslərin manat əmanətləri 11,6 % və yaxud 1,3 milyard manat artaraq iyulun 1-nə 12,5 milyard manata çatıb".