AMB: "Maliyyə sektorunun sürətlə rəqəmsallaşması yeni çağırışlar yaradır"
- 26 oktyabr, 2023
- 11:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Maliyyə sektorunun sürətlə rəqəmsallaşması Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında kibertəhlükəsizlik baxımından yeni çağırışlar yaradır.
“Report” xəbər verir ki, bunu AMB-nin baş direktoru Fərid Osmanov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri çərçivəsində təşkil olunmuş konfransda bildirib.
"Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan sektor məhz maliyyə sektorudur. Biz tənzimləyici kimi öz fəaliyyətimizdə əsasən bank sektoruna fokuslanırdıq. Lakin artıq AMB meqarequlyuator olaraq həm də sığorta sektorunda kibertəhlükəsizlik tələblərini müəyyən edir. Bu da bizim qarşımızda yeni çağırışlar yaradır”, - deyə o qeyd edib.
F.Osmanov həmçinin bildirib ki, artıq insanların ödənişlə bağlı davranışları, həyat tərzi daha çox rəqəmsal maliyyə xidmətləri tələb edir: “Artıq filial bankçılığından məsafəli bankçılığa meyllənmə prosesi gedir. Bu isə öz növbəsində kiberrisklər gətirir. Bu çağırışlara cavab olaraq AMB maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası müəyyən edib.
Həmin strategiyanın formalaşdırılması zamanı biz məhz risk çərçivəsini əldə rəhbər tutduq. Belə ki, onun istiqamətlərindən biri risk əsaslı çərçivənin formalaşdırılması olacaq. Bu əsasda Mərkəzi Bank nəzarət subyektlərinə qarşı qoyulacaq minimum tələblər formalaşdıracaq. Strategiya hazırlanarkən apardığımız qiymətləndirmə göstərdi ki, müəyyən formatda sığorta sektoru üzrə təkmilləşdirməyə ehtiyac var. Bu gün bank sektoru kibertəhlükəsizlik baxımından daha yetkin görsənir. Tənzimləyici olaraq biz gələcəkdə sığorta və investisiya təşkilatlarını da bu sırada görməyi hədəfləyirik və fəaliyyətimizi bu istiqamətdə davam etdiririk".