AMB: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır

Maliyyə
  • 09 iyun, 2026
  • 10:16
AMB: Maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır

Azərbaycanda maliyyə sektorunun rəqəmsal inkişafı üçün yeni strategiya hazırlanır.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.

Onun sözlərinə görə, AMB-nin bu istiqamətdə əsas mandatı siyasət və nəzarət çərçivəsində rəqəmsallaşma və süni intellekt sahəsində zəruri minimum tələblərin formalaşdırılmasıdır: "Bu məqsədlə ötən il informasiya texnologiyalarının idarə olunması ilə bağlı tövsiyələr bazar iştirakçılarına təqdim edilib. Cari ildə həmin sənədin bir hissəsi qayda kimi təsdiqlənəcək. Hazırda rəqəmsal inkişafı dəstəkləyəcək əlavə normativ sənədlərin hazırlanması istiqamətində işlər davam etdirilir. Bu sahədə ən vacib istiqamətlərdən biri ekosistemin inkişafına xidmət edən platformalardır. Açıq bankçılıq, Ani Ödənişlər Sistemi və innovasiyaların təşviqinə yönəlmiş xüsusi tənzimləmə rejimi strateji prioritetlər sırasındadır".

O vurğulayıb ki, maliyyə sektorunun inkişafı üzrə 2024–2026-cı illəri əhatə edən strategiyanın icrasının son ilidir: "Növbəti altı ay ərzində bu strategiyanın uğurla tamamlanması nəzərdə tutulur. Paralel olaraq artıq 2027–2030-cu illəri əhatə edəcək yeni strategiya hazırlanır və burada rəqəmsallaşma, eləcə də süni intellektlə bağlı bir sıra təşəbbüslərin əksini tapması planlaşdırılır. Bununla yanaşı, eyni dövrü əhatə edəcək maliyyə sektorunun rəqəmsal inkişafı üzrə dövlət proqramı üzərində də iş aparılır. Digər dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində maliyyə sektorunun rəqəmsal transformasiyasını sürətləndirəcək tədbirlər və təşəbbüslər müəyyənləşdirilir. İlin sonunadək bu istiqamətdə əsas prioritetlərin formalaşdırılması gözlənilir".

44 filmi