AMB: İlin sonuna qədər dələduzluqla mübarizədə yeni qaydalar tətbiq olunacaq
- 09 iyun, 2026
- 10:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda dələduzluqla mübarizə üzrə yeni qaydalar ilin sonuna qədər tətbiq olunacaq.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov bildirib.
Onun sözlərinə görə, dələduzluq və kibertəhlükəsizlik təhdidləri bütün dünyada olduğu kimi Azərbaycanda da rəqəmsallaşmanın və nağdsız ödənişlərin artması fonunda aktuallığını qoruyur: "Bu risklərin idarə olunması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Tədbirlərin əsas istiqamətlərindən biri sektor iştirakçıları ilə birgə dələduzluğa qarşı qaydaların və limitlərin təkmilləşdirilməsidir. Məqsəd daha effektiv mexanizmlərin tətbiqi yolu ilə dələduzluq hallarının qarşısının alınmasıdır".
AMB rəsmisi qeyd edib ki, digər mühüm istiqamət qurumun nəzdində fəaliyyət göstərən FinCERT və Antifrod Mərkəzinin işidir: "FinCERT beynəlxalq akkreditasiyadan uğurla keçərək beynəlxalq CERT şəbəkəsi olan FIRST-də tamhüquqlu üzv kimi qəbul edilib. Bu, maliyyə sektoru üçün əhəmiyyətli nailiyyət hesab olunur. Hazırda müxtəlif qurumlarla məlumat və təcrübə mübadiləsi aparılır. AMB həm rəqəmsal həllərin inkişafı, həm də tənzimləyici çərçivənin təkmilləşdirilməsi üzərində işləyir. İlin sonunadək dələduzluq risklərinin idarə olunması sahəsində yeni qaydaların bazara təqdim olunması gözlənilir".
V. Xəlilov əlavə edib ki, yeni yanaşma çərçivəsində təşkilatlar riskəsaslı idarəetmə modelini tətbiq edəcək, hər bir qurum öz risk profilinə və risk iştahasına uyğun daxili qaydalar formalaşdıracaq: "AMB hesab edir ki, dələduzluq və kibertəhlükəsizlik təhdidlərinin tam aradan qaldırıldığı hər hansı ölkə təcrübəsi mövcud deyil. Buna görə də bu sahədə mübarizə davamlı xarakter daşıyır və AMB maliyyə sektoru iştirakçıları və tərəfdaş qurumların birgə fəaliyyəti ilə risklərin minimuma endirilməsi istiqamətində işlər davam etdiriləcək".