AMB: Fintexlərimiz məhsullarını türk dövlətlərində sınaqdan keçirə biləcək
- 13 oktyabr, 2026
- 11:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın fintex şirkətləri məhsullarını türk dövlətlərinin bazarlarında sınaqdan keçirə biləcəklər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Vüsal Xəlilov Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbirdə bildirib.
Onun sözlərinə görə, yerli banklar artıq bu xidmətə qoşulub: "Hesab edirəm ki, burada fintex şirkətləri üçün böyük imkanlar var. Açıq bankçılıq əsasında məhsulların yaradılmasını həm yerli fintex şirkətləri dəyərləndirməlidir, həm də nəzərə almaq lazımdır ki, bu inkişaf təkcə Azərbaycanda deyil, türk dövlətlərinin yerləşdiyi bütün regionda müşahidə olunur. Oxşar inkişaf tempi hər bir ölkədə davam edir. Bu da fintex şirkətlərinə bir ölkədə yatırımlar edərək hazırladıqları məhsulları digər ölkələrin bazarlarında da tətbiq etmək imkanı yaradır".
"AMB olaraq Türkiyə, Özbəkistan, Qazaxıstan və regionun digər ölkələrinin mərkəzi bankları ilə sıx əməkdaşlıq edirik. Yaxın zamanda xüsusi tənzimləmə rejimlərinin birgə hazırlanmasını da təmin etməyi düşünürük. Bu, fintex şirkətlərinə öz məhsullarını müxtəlif bazarlarda sınaqdan keçirmək imkanı verəcək", - deyə V.Xəlilov əlavə edib.