AMB bütün potensial çağırışlara mövcud siyasətlə cavab verəcəyini düşünür

Maliyyə
  • 31 iyul, 2026
  • 12:01
AMB bütün potensial çağırışlara mövcud siyasətlə cavab verəcəyini düşünür

Mövcud makroiqtisadi şərait Azərbaycan Mərkəzi Bankının (AMB) alternativ, yəni B planına keçməsi üçün hər hansı əsas yaratmır.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, monetar siyasət çərçivəsində AMB-nin müxtəlif alternativ fəaliyyət planları mövcuddur və situasiyadan asılı olaraq uyğun qərar qəbul edilə bilər:

"Amma dediyimiz B planının ehtimalı nə qədər yüksəkdir, yaxud ümumiyyətlə belə ehtimal varmı, biz bunun üzərində müzakirə aparmırıq. Çünki B planına keçid üçün hər hansı səbəb yoxdur.

Mən başqa çıxışlarımda da demişəm ki, bizim baxışlarımız göstərir ki, orta və uzunmüddətli perspektivdə makroiqtisadi şərait bugünkü A planımızı davam etdirməyə əsas verir. Yəni A planından möhkəm tutub işimizi davam etdiririk".

T. Kazımov qeyd etdiyi kimi, AMB-nin əsas üstünlüyü də ondadır ki, hər bir situasiyaya uyğun olaraq vaxtında düzgün planı seçə bilir: "Biz də həmin planı seçmişik və qeyd etdiyim kimi, düşünürük ki, bugünkü siyasətimiz orta və uzunmüddətli perspektivdə bütün potensial çağırışlara adekvat cavab verir".