AMB bankların kredit keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirəcək
- 08 fevral, 2024
- 17:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kredit portfelinin keyfiyyətinin hərtərəfli qiymətləndirilməsini həyata keçirməyi planlaşdırır.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
“IMF-nin məsləhəti ilə AMB prudensial standartlara və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq kredit itkiləri üzrə ehtiyatlarda uyğunsuzluqları qeyd edərək kredit keyfiyyətinin hərtərəfli qiymətləndirilməsinin zəruriliyi ilə razılaşıb.
AMB həmçinin istehlak kreditləşməsini və digər kredit seqmentlərini yaxından izləyir və nəzarəti gücləndirmək, riskə əsaslanan və konsolidasiya edilmiş nəzarətə keçid üçün plan hazırlamaq öhdəliyi götürür. Maliyyə sektorunun daha dərin inkişafının zəruriliyini qəbul edən dövlət orqanları maliyyə sektorunun ölkə iqtisadiyyatındakı rolunun hərtərəfli qiymətləndirilməsini hazırlayır”, - hesabatda qeyd olunub.
IMF hələ 2022-ci ildə qeyd etmişdi ki, təminatsız biznes kreditləri və restrukturizasiya olunmuş kreditlərin yüksək səviyyəsi, eləcə də istehlak kreditləşməsinin sürətli artımı risklər yaradır və onları idarə etmək lazımdır. Bununla əlaqədar AMB istehlak kreditlərinin sürətli artımı ilə bağlı risklərin azaldılması məqsədilə istehlak kreditləri üzrə risk çəkisinin artırılması da daxil olmaqla, müvafiq tənzimləyici tədbirlər həyata keçirib.
IMF analitiklərinin fikrincə, restrukturizasiya olunmuş kreditlərin əhəmiyyətli çəkisinə baxmayaraq, Azərbaycanda problemli kreditlərin səviyyəsi nisbətən aşağıdır: “Potensial risklərin azaldılması üçün restrukturizasiya olunmuş kreditlərin davamlı monitorinqi son dərəcə vacibdir”.
Qeyd edək ki, Azərbaycanda 23 bank fəaliyyət göstərir. 2023-cü ildə bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 18,8 % artaraq 23 milyard 979,12 milyon manata çatıb. Dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 437,84 milyon manat (hesabat dövründə 26,3 % azalma) və ya bütün kreditlərin 1,8 %-i (2022-ci ilin sonunda 2,9 % idi) təşkil edib.
Eyni zamanda, bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 2023-cü ildə 24,2 % artıb (2022-ci ildə artım 31 % idi).