Almaniya rekord dövlət borcuna görə yüksək kredit reytinqini itirə bilər

Maliyyə
  • 24 avqust, 2026
  • 04:45
Almaniya rekord dövlət borcuna görə yüksək kredit reytinqini itirə bilər

Almaniya dövlət borcunun misli görünməmiş səviyyəsi və iqtisadi artımın yavaşlaması fonunda ən yüksək "AAA" kredit reytinqini itirmək təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu məlumatları "S&P Global Ratings" agentliyinin qiymətləndirmələrinə istinadən "Bild" nəşri təqdim edib.

"Almaniyanın iqtisadi göstəriciləri bizim gözləntilərimizdən əhəmiyyətli dərəcədə geri qalacağı təqdirdə, bu, ölkənin suveren reytinqi üçün risklər yarada bilər", - agentliyin nümayəndələri nəşrə şərhlərində bildiriblər.

Bundan az əvvəl Almaniyanın Federal Statistika İdarəsi ölkənin dövlət borcunun 2025-ci ildə yenidən tarixi rekordu qıraraq 2,7 trilyon avro səviyyəsinə yüksəldiyi barədə məlumat açıqlamışdı. Gələn il üçün 629 milyard avro həcmində dövlət xərcləri planlaşdırılıb ki, bunun da 196,5 milyard avrosunu yeni borclanmalar təşkil edir.

Beləliklə, büdcədəki, demək olar, hər üçüncü avro borc alətləri hesabına təmin edilir ki, bu da faiz ödənişlərinin durmadan artmasına gətirib çıxarır - cari ildə təxminən 30 milyard, 2027-ci ildə 42 milyard, 2030-cu ilə qədər isə borca xidmət xərcləri 81 milyard avroya qədər arta bilər.