AFBİA: Beynəlxalq maliyyə institutlarının manatla istiqraz buraxılışı bazara etibarlı meyar gətirəcək
- 24 sentyabr, 2025
- 12:45

Beynəlxalq maliyyə institutlarının Azərbaycanda manatla ifadə olunmuş istiqraz buraxılışı yerli bazara mühüm meyarlaşdırma (benchmarking) gətirə bilər.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" (AFBİA) İctimai Birliyinin İdarə Heyətinin üzvü Tələt Kalayev Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Bakı Fond Birjası ilə birgə təşkil olunan Azərbaycan Sabit Gəlir Forumunun "Beynəlxalq Maliyyə İnstitutlarının Yerli Maliyyə Bazarlarındakı Rolu" panelində deyib.
Onun sözlərinə görə, hazırda yerli bazarda meyarlaşdırma ilə bağlı müəyyən boşluqlar mövcuddur: "Beynəlxalq qurumların buraxılışları bazara etibarlı meyar və standartlar gətirəcək və yerli emitentlər də bu meyarlara istinad edəcəklər. Bu isə yeni istiqraz buraxılışlarının daha aşağı faiz dərəcəsi ilə reallaşmasına, nəticədə emitentlərin maliyyələşdirmə xərclərinin azalmasına imkan yaradacaq".
T.Kalayev hesab edir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) kimi beynəlxalq qurumların Azərbaycan bazarında iştirakı kapital bazarlarının, xüsusilə istiqraz bazarının inkişafına ciddi dəstək olacaq:
"Beynəlxalq təşkilatların Azərbaycan manatı ilə istiqraz buraxmaq təcrübəsi mövcud olub və həmin istiqrazlar əsasən xarici investorlar tərəfindən alınıb. Bu səbəbdən, üç "A" reytinqinə malik beynəlxalq maliyyə təşkilatlarının Azərbaycanda istiqraz buraxması qısa müddətdə yeni xarici investorların bazara cəlb olunmasına gətirib çıxaracaq", - o vurğulayıb.
Ekspert əlavə edib ki, beynəlxalq təşkilatların yerli bazarda istiqraz buraxması həm də etibar yaradır: "Beləliklə, yeni yerli investorlar da bu infrastruktura inanaraq bazara daxil ola və yerli istiqrazlara maraq göstərə bilərlər".