ADB yuxarı orta gəlirli ölkələrdə texniki yardımın birgə maliyyələşdirilməsi modelini tətbiq edəcək

Maliyyə
  • 26 iyun, 2026
  • 10:23
ADB yuxarı orta gəlirli ölkələrdə texniki yardımın birgə maliyyələşdirilməsi modelini tətbiq edəcək

Asiya İnkişaf Bankı (ADB) xərclərin Qazaxıstanda ödənilməsi şərtilə texniki yardım təcrübəsini yeni ölkələrdə tətbiq etmək niyyətindədir.

"Report"un Almatıya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bunu ADB-nin Qazaxıstan üzrə direktoru Utsav Kumar Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və biznes-forumu çərçivəsində keçirilən "Texniki yardım investisiyaların katalizatoru kimi: beynəlxalq inkişaf banklarının baxışı" adlı sessiyada deyib.

"Biz Qazaxıstanda bu yanaşmanı 2013-cü ildən Bilik və Təcrübə Mübadiləsi Proqramı (KEEP) vasitəsilə həyata keçiririk və hazırda bu təcrübəni digər ölkələrdə də tətbiq edirik", - U.Kumar bildirib.

Onun sözlərinə görə, KEEP proqramı çərçivəsində ADB Qazaxıstan hökuməti ilə xərclərin ən azı 50/50 nisbətində bölüşdürülməsini nəzərdə tutan birgə maliyyələşdirmə mexanizmi tətbiq edib. Model biliklərin ötürülməsi, institusional potensialın artırılması və investisiya təşəbbüslərinin hazırlanması ilə bağlı layihələri əhatə edir.

U.Kumar qeyd edib ki, gələcəkdə bu yanaşma yuxarı orta gəlirli ölkələrdə getdikcə daha fəal şəkildə tətbiq olunacaq.

O, modelin əsas üstünlükləri arasında tərəflərin qarşılıqlı marağını və məsuliyyətini, həmçinin beynəlxalq maliyyə institutlarının yalnız öz təcrübəsindən deyil, həm də ADB-nin üzvü olan digər inkişaf etməkdə olan ölkələrin təcrübəsindən faydalanmaq imkanını xüsusi qeyd edib. U.Kumarın sözlərinə görə, bank Qazaxıstanın dövlət orqanları və aidiyyəti qurumlarla birgə maliyyələşdirmə mexanizmləri ilə bağlı davamlı dialoq aparır.

44 filmi