ADB: “Kapital bazarlarının inkişafının ləngiməsi CAREC ölkələrində iqtisadi tərəqqiyə mane olur”
- 19 sentyabr, 2022
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Kapital bazarlarının inkişafının ləngiməsi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının üzvü olan bir çox inkişaf etməkdə olan ölkələrdə sosial-iqtisadi tərəqqiyə mane olur.
“Report" Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir ki, CAREC proqramı iştirakçılarının əksəriyyətinin maliyyə sektorunda banklar kimi ənənəvi maliyyə institutları üstünlük təşkil edir. Qlobal Rəqabətlilik İndeksinin 2018-ci il üçün hesabatına görə bir çox üzv ölkələrdə bazar kapitallaşmasının aşağı səviyyədə olduğu müəyyən edilib.
“CAREC-in inkişaf etməkdə olan ölkələrində əhalinin yığım əmanətləri səviyyəsinin aşağı olması və artan bərabərsizlik maliyyə sektoru vasitəsilə maliyyə resurslarının səmərəli səfərbər edilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bu, CAREC ölkələrini kapital bazarlarını gücləndirə bilən resursların səmərəli paylanmasından, risklərin bölüşdürülməsindən və sərbəst maliyyə sərmayəsindən, eləcə də artımın və davamlı inkişafın maliyyələşdirilməsində oynaya biləcəkləri mühüm roldan məhrum edir. Kapital bazarının tənzimlənməsi və standartlarının uyğunlaşdırılması üçün CAREC-ə üzv inkişaf etməkdə olan ölkələrdə regional əməkdaşlığın və inteqrasiyanın gücləndirilməsi həm də transsərhəd ticarəti və investisiyaları daha məhsuldar və səmərəli edə bilər", - Bankın analitikləri vurğulayır.
ADB hesab edir ki, CAREC-ə üzv ayrı-ayrı inkişaf etməkdə olan ölkələrində kapital bazarlarının və maliyyə sektorlarının güclü tərəfləri bir-birindən fərqlənir: "Eyni zamanda, iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələr daha dinamik kapital bazarlarına malikdir.
Ən böyük problemlərlə ADB-dən güzəştli yardım alan CAREC-in daha az inkişaf etmiş ölkələri üzləşirlər. Bununla belə, kapital bazarlarında daha geniş və effektiv regional dialoq və fəaliyyət üçün ümumi əsaslar mövcuddur. Regionda bankların üstünlüyü, zəif tənzimləyici baza və institusional potensialın zəifliyi xeyli dərəcədə oxşardır".
Bank qeyd edir ki, ölkələr arasında bilik mübadiləsi və CAREC platformasından istifadə edərək sinerji axtarışı yolu ilə müzakirə edilən və əldə edilən yanaşmaların və həllərin uyğunlaşdırılması ayrı-ayrı ölkələrin və regionun iqtisadiyyatlarını gücləndirəcək həllərin tapılmasına və tətbiqinə kömək edə bilər: "Faydalara CAREC kapital bazarlarında daha böyük və daha dərin maliyyə fonduna çıxış və daha yaxşı xidmətlər, maliyyə xidmətlərinə çəkilən daha az xərclər və daha likvid və səmərəli kapital bazarları daxildir”.