ADB Azərbaycanın kapital bazarının diaqnostikasını aparacaq və inkişaf prioritetləri müəyyən edəcək
- 19 sentyabr, 2022
- 12:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində Kapital Bazarı Tənzimləyicilərinin regional Forumunun rəsmi işə düşməsi üçün əsasların hazırlanmasını başa çatdırmaq məqsədilə Asiya İnkişaf Bankı (ADB) 700 min ABŞ dolları məbləğində texniki yardım ayırıb.
“Report” ADB-yə istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayına qədər olan dövrü əhatə edən texniki yardım CAREC Kapital Bazarlarını Tənzimləyicilər Forumunun (CMRF) davamlı əsasda bərpası, təşkili, rəsmiləşdirilməsi və institusionallaşdırılması və yol xəritəsinin hazırlanması prosesinə dəstək verəcək.
Qeyd edək ki, bu forumun formalaşmasına COVID-19 pandemiyası səbəbindən fasilə verilmişdi. Buna görə də bu layihə CAREC proqramına üzv ölkələr arasında forumun işinin davam etdirilməsi üçün maddi-texniki dəstəyin təmin edilməsinə yardım göstərəcək.
Buraya CMRF üçün ümumi idarəetmə strukturunun və katibliyin yaradılması daxildir. Texniki yardım çərçivəsində hazırlanacaq yol xəritəsi zəruri resurslara əsaslanaraq siyasi fəaliyyətlərin aydın ardıcıllığını təmin edəcək və yeni regional təşəbbüsləri özündə əks etdirəcək.
Xatırladaq ki, forum CAREC proqramına üzv ölkələrin kapital bazarlarını inkişaf etdirmək üçün regional əməkdaşlığı və inteqrasiya səylərini genişləndirmək üçün nəzərdə tutulub. CMRF regionun maliyyə sistemini dərinləşdirəcək, şaxələndirəcək və onun sabitləşməsinə kömək edəcək. Bu isə öz növbəsində, onun uzunmüddətli maliyyə ehtiyaclarının, xüsusən də infrastrukturun inkişafı üçün mühüm mənbə kimi daha səmərəli fəaliyyət göstərməsinə imkan verəcək.
Texniki yardım çərçivəsində həyata keçirilən tədbirlərə bilik məhsullarının hazırlanması və təhlili daxildir. CAREC proqramı çərçivəsində regionunda kapital bazarlarının ümumi inkişafına dair siyasi icmal və hesabatları, ölkə səviyyəsində kapital bazarlarının diaqnostik tədqiqatları və kapital bazarlarını inkişaf etdirmək üçün oxşar regional assosiasiyalar tərəfindən görülən təşəbbüsləri nümunə göstərmək olar.
Bundan başqa, texniki yardım qrupu kapital bazarlarının inkişafına üstünlük verəcək və əsas problemlərin həlli üçün pilot təşəbbüslər hazırlayacaq. Texniki yardım çərçivəsində həmçinin CAREC-in regional kapital bazarları üzrə pilot məlumat portalı hazırlanacaq. Bu portal CAREC-in veb-saytına qoşulacaq. Burada isə üzvlərin kapital bazarları, həmçinin tənzimləyici və nəzarət bazası haqqında məlumatlar konsolidasiya edilmiş və əlçatan olacaq.
Bu arada, bank məlumat verib ki, 2019-cu ildə CMRF-nin ilk iclası keçirilib, lakin koronavirus (COVID-19) pandemiyası CAREC və ADB üzvlərinin forumu institusionallaşdırmasına və onun rəsmi olaraq işə başlamasına mane olub.
Bu mənada digər maneə isə kapital bazarı haqqında etibarlı məlumatların, həmçinin CMRF-nin təmin edə biləcəyi regional əməkdaşlıq və inteqrasiyanı müzakirə etmək və planlaşdırmaq üçün lazım olan məlumatların olmamasıdır.