ADB Azərbaycanda daha çox özəl investisiya cəlb edilməsinə dəstək verəcək

Maliyyə
  • 02 oktyabr, 2025
  • 17:28
ADB Azərbaycanda daha çox özəl investisiya cəlb edilməsinə dəstək verəcək

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda bərpa olunan enerji, aqrobiznes, emal sənayesi, maliyyə institutları və ticarətin maliyyələşdirilməsi proqramları kimi sahələrə daha çox özəl investisiyaların cəlb edilməsi imkanlarını araşdırır.

Bunu "Report"a eksklüziv müsahibəsində ADB-nin vitse-prezidenti Barqav Dasqupta (Bhargav Dasgupta) bildirib.

"Biz həmçinin dövlət müəssisələri ilə onların korporativləşmə səviyyəsinin artırılması üzərində işləyirik", - o qeyd edib.

Vitse-prezident hesab edir ki, özəl sektorun inkişafı 2025-2029-cu illər üzrə Azərbaycanla yeni Tərəfdaşlıq Strategiyasının əsas istiqamətidir.

"Biz özəl sektoru inkişafın, innovasiyanın və davamlılığın ən vacib hərəkətverici qüvvəsi hesab edirik", - B.Dasqupta bildirib.

O vurğulayıb ki, bu məsələdə əsas element əməkdaşlıqdır: "Azərbaycan hökuməti və özəl sektorla birlikdə biz təhsil və peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunluğunu təmin etməyə çalışırıq. Bura əməkhaqqının daha yüksək olduğu sektorlarda qadınlar üçün imkanların genişləndirilməsi, "yaşıl bacarıq"ların inkişafı və Azərbaycanın daha ekoloji və şaxələndirilmiş iqtisadiyyata keçidini dəstəkləməyə hazır olan işçi qüvvəsinin formalaşdırılması daxildir".

Vitse-prezident deyib ki, ADB həmçinin iş yerlərinin yaradılmasında və innovasiyaların stimullaşdırılmasında mühüm rol oynayan kiçik və orta biznesin (KOB) dəstəklənməsinə xüsusi diqqət yetirir.

"Bu hədəfə çatmaq üçün təklif edə biləcəyimiz alətlər çeşidini genişləndiririk. Ənənəvi kreditləşdirmə ilə yanaşı, zəmanətlər verməyə, kapitalda iştirak etməyə və daha çox özəl kapitalın səfərbər edilməsi üçün ticarət maliyyəsini inkişaf etdirməyə hazırıq", - o qeyd edib.

B.Dasquptanın fikrincə, ADB-nin məqsədi təkcə layihələri maliyyələşdirmək deyil, həm də investisiya risklərini azaltmaq və dəyişikliklərə səbəb olacaq təşəbbüsləri birgə maliyyələşdirmək üçün digər tərəfdaşları cəlb etməkdir.

"Bu alətlərdən istifadə edərək, biz Azərbaycanın iqtisadi potensialını üzə çıxarmağa, dayanıqlı özəl sektoru gücləndirməyə və ölkənin inklüziv və davamlı inkişaf sahəsindəki baxışını dəstəkləməyə kömək etmək istəyirik. Miqyasa gəlincə, bu il Milanda keçirilən illik iclasda bankın prezidenti Masato Kanda özəl sektorla əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı cəsarətli baxış təqdim etdi və biz artıq bunu həyata keçiririk. Son bir neçə il ərzində özəl sektorla əməliyyatlarımızın həcmini iki dəfədən çox artırmışıq, indi isə hədəfimiz 2030-cu ilədək özəl srktorun illik maliyyələşdirilməsini dörd dəfə - 13 milyard dollara qədər artırmaqdır. Bu prosesə Azərbaycan üçün daha çox özəl kapitalın cəlb edilməsi də daxil olacaq", - vitse-prezident vurğulayıb.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti