“Access Bank" xüsusi ehtiyatlara ayırmaları kəskin artırıb

Maliyyə
  • 22 oktyabr, 2021
  • 13:56
“Access Bank xüsusi ehtiyatlara ayırmaları kəskin artırıb

“Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını 917 min manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 3,038 milyon manat mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, 9 ay ərzində “Access Bank”ın gəlirləri 80,177 milyon manat (illik müqayisədə 1,2% çox), xərcləri 80,346 milyon manat (6,2% çox), xüsusi ehtiyatlara ayırmaları isə 748 min manat (45,8% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Access Bank”ın aktivləri 944,895 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,7% çoxdur. Bunun 527,837 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,2% böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 6,4% artaraq 857,636 milyon manata, o cümlədən depozit portfeli 11,9% artaraq 678,674 milyon manata çatıb, balans kapitalı isə 9,4% azalaraq 87,259 milyon manata düşüb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89 %), Avropa İnvestisiya Bankı (17,39 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), Hollandiya İnkişaf Bankı (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), “Responsability Management Company S.A.” (7,11 %), “Responsibility SICAV (Lux)” (2,91 %), EFSE (2,78 %), “Symbiotics SICAV (Lux)” (2,27 %), GGF (1,77 %), “LFS Advisory GmbH” (1,27 %), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58 %).