“Access Bank" maliyyə vəziyyətini açıqlayıb

Maliyyə
  • 16 aprel, 2024
  • 13:09
“Access Bank maliyyə vəziyyətini açıqlayıb

“Access Bank” QSC bu ilin I rübünü 16,522 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3 dəfə çoxdur.

Yanvar-mart aylarında “Access Bank”ın gəlirləri 57,21 milyon manat (illik müqayisədə 21,9 % çox), xərcləri 40,982 milyon manat (12,8 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 294 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Access Bank”ın aktivləri 1 milyard 374,14 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,1 % çoxdur. Bunun 990,415 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,6 % böyüyüb.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 7 % artaraq 1 milyard 220,383 milyon manata, o cümlədən depozit portfeli 1,8 % artaraq 965,388 milyon manata, balans kapitalı isə 29,4 % artaraq 153,757 milyon manata çatıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 270,107 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).