“Access Bank" maliyyə vəziyyətini açıqlayıb
- 15 yanvar, 2024
- 12:12
Yeniliklərdən dərhal xəbərdar olun!
“Access Bank” QSC 2023-cü ili 39,838 milyon manat mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci ilə nisbətən 2,6 dəfə çoxdur.
Ötən il “Access Bank”ın gəlirləri 213,217 milyon manat (əvvəlki illə müqayisədə 38,8 % çox), xərcləri 156,524 milyon manat (21,1 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 16,855 milyon manat (81,3 % çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Access Bank”ın aktivləri 1 milyard 392,287 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 19,1 % çoxdur. Bunun 968,481 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 24,2 % böyüyüb.
Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 18,9 % artaraq 1 milyard 255,172 milyon manata, o cümlədən depozit portfeli 22,3 % artaraq 1 milyard 051,575 milyon manata, balans kapitalı isə 21,6 % artaraq 137,115 milyon manata çatıb.
Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 270,107 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (ADB) (20,33 %), Avropa İnvestisiya Bankı (EIB) (17,76 %), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) (15,86 %), Niderland İnkişaf Bankı (FMO) (9,62 %), Avstriya İnkişaf Bankı (OeEB) (9,36 %) və digərləridir (SIFEM AG, EFSE, GGF, Qara Dəniz Ticarət və İnkişaf Bankı və “LFS Advisory GmbH”- 27,07%).