ABŞ-a alüminium və polad idxalı ilə bağlı qərar fond birjalarında enmə ilə nəticələnib
- 02 mart, 2018
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın alüminium və polad idxalına tətbiq etmək istədiyi gömrük rüsumları "ticarət müharibəsinin başlanğıcı" kimi qəbul olunub.
"Report" xəbər verir ki, qərar qlobal fond birjalarında kəskin azalmaya əbəb olub.
ABŞ-ın əsas fond birjası indeksi "Dow-Jones" ötən gün 420 bənd və yaxud 1,7% azalaraq 24 609 bəndə düşüb. Bu gün isə Almaniyanın DAX 288 bənd və yaxud 2,4%, İngiltərənin FTSE indeksi isə 81 bənd və yaxud 1,1% azalma nümayiş etdirib. Yaponiyanın "Nikkei" indeksi isə 543 bənd və yaxud 2,5% geriləyib.
ABŞ-ın "Dow-Jones" indeksinin bu gün də kəskin azalacağı gözlənilir. Belə ki, hazırda bu günə olan fyuçers kontraktları indeksin 287 bənd azalacağını göstərir.
"Report"un analitik qrupu bildirir ki, ABŞ-ın başlatdığı proteksionist siyasət qlobal iqtisadiyyat üçün ciddi təhlükə yaradıb. Lakin qərar ABŞ iqtisadiyyatı üçün müsbət amil olaraq ortaya çıxır. Bu qərar ABŞ-ın bir sıra iqtisadi sektorlarını canlandırmaqla işsizliyin aradan qaldırılmasına və xarici ticarət kəsirinin azalmasına səbəb olacaq. Bu səbəbdən ABŞ fond birjası indekslərinin uzunmüddətli azalma riskinin olmadığı ehtimal edilir.