ABB bu il gözlənilən dividend ödənişinin məbləğini açıqlayıb

Maliyyə
  • 19 mart, 2025
  • 10:51
ABB bu il gözlənilən dividend ödənişinin məbləğini açıqlayıb

"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu il səhmdarlarına 200 milyon manat dividend ödəməyi planlaşdırır.

"Report" ABB-yə istinadən xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

"Bu günlərdə beynəlxalq mühasibat standartlarına əsaslanan maliyyə hesabatlarımıza kənar auditor rəyi verilib. ABB ötən ili 360 milyon manat xalis mənfəətlə başa vurub. Bu, səhmdarlarımıza hər il olduğu kimi bu il də böyük dividend ödəməyə imkan yaradır. Bank menecmenti olaraq 200 milyon manat dividend ödənilməsini təklif etmişik. 7 ildir ki, səhmdarlarımıza ardıcıl şəkildə yüksək dividend ödəyirik. Bu il nəzərdə tutulan məbləğ isə son 7 ilin rekord dividendidir. Mayın 7-də Bankın səhmdarlarının növbəti ümumi yığıncağında bununla bağlı müsbət qərar qəbul edilərsə, hər bir səhmin illik gəlirliliyi 15,6 % olacaq. Bu il ilk dəfə olaraq gəlirlərimizi onminlərlə Azərbaycan vətəndaşı ilə bölüşmək komandamız üçün böyük qürurdur. ABB-nin sağlam, mənfəətli, dayanıqlı fəaliyyəti yüzminlərlə insanın həyatına müsbət toxunuş edəcək", - deyə o qeyd edib.

Sədrin sözlərinə görə, yığıncağın müvafiq qərarından sonra qanunvericiliyə uyğun şəkildə ödəniş prosedurlarına başlanılacaq: "Dividend gəlirləri səhmdarlarımızın hesablarına köçürüləcək. Düşünürəm ki, yığıncaqdan sonra növbəti bir ay ərzində, yəni təxminən bu ilin iyununa qədər hər bir səhmdarımız dividend qazancını əldə edə biləcək".

"ABB olaraq hədəfimiz uzunmüddətli perspektivdə səhmdarlarımızla qazancımızı bölüşməyə davam etməkdir. Bu baxımdan, mənfəətimizin bir hissəsi hər il dividend ödənişlərinə yönələcək. Əlbəttə, Bankın hər zaman sağlam və dayanıqlı maliyyə durumunda olması, strateji inkişaf planlarını həyata keçirə bilməsi üçün adekvat kapitallaşma səviyyəsinin qorunması çox önəmlidir. Biz innovativ və rəqabətqabiliyyətli biznes modelimizlə, səmərəli fəaliyyətimizlə, riskləri optimallaşdıraraq, mənfəətliliyi daim artırmaqla səhmdarlarımızın stabil gəlir əldə etməsini təmin etməyi hədəfləyirik", - deyə A.İbrahimov əlavə edib.