ABA: Türk dövlətləri ilə maliyyə platformalarının yaradılması xidmətlərin maya dəyərini azaldacaq

Maliyyə
  • 09 iyun, 2026
  • 11:35
ABA: Türk dövlətləri ilə maliyyə platformalarının yaradılması xidmətlərin maya dəyərini azaldacaq

Türk dövlətləri ilə maliyyə platformalarının yaradılması xidmətlərin maya dəyərini azaldacaq və kart ekosistemini gücləndirəcək.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, Türk dövlətləri ilə birgə yaradılacaq və inkişaf etdiriləcək ortaq platformalar göstərilən xidmətlərin maya dəyərinin aşağı salınması, xidmət çeşidinin genişləndirilməsi və ümumi səmərəliliyin artırılması üçün mühüm imkanlar yaradacaq: "Azərbaycan bank sektoru olaraq biz əldə etdiyimiz nailiyyətlər və gəlirlərin əhəmiyyətli hissəsini müştərilərə göstərilən xidmətlərin maya dəyərinin azaldılması və tariflərin optimallaşdırılması istiqamətinə yönəldirik. Eyni zamanda, bu ilin mart ayından etibarən "interchange" tariflərinin aşağı salınması istiqamətində addımlar atılıb. Qarşıdakı dövrdə isə bu prosesin davamı olaraq həm təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, həm də kart biznesinin inkişafına mane olan amillərin aradan qaldırılması üçün əlavə tənzimləyici mexanizmlərin tətbiqi nəzərdə tutulur".

Z.Nuriyev əlavə edib ki, bu çərçivədə limitlərin müəyyənləşdirilməsi, kart sayları üzrə limitlərin tənzimlənməsi, gündəlik və aylıq əməliyyat limitlərinin tətbiqi kart istifadəçilərinin təhlükəsizliyinin artırılmasına və bu sahədə mövcud risklərin azaldılmasına mühüm töhfə verəcək.

O həmçinin vurğulayb ki, ani ödənişlər və QR sistemləri bank xidmətlərinin maya dəyərinin azaldılmasına töhfə verəcək: "Ani Ödənişlər Sisteminin və QR kod texnologiyasının tətbiqi müştərilərə göstərilən xidmətlərin maya dəyərinin azaldılmasına mühüm töhfə verir. Bank sektoru da bu istiqamətdə üzərinə düşən məsuliyyəti yüksək səviyyədə dərk edir. Sistemin tətbiqinə başlanmasından keçən qısa dövr ərzində təxminən 50 %-ə yaxın nailiyyət əldə olunub. İl sonuna qədər bu göstəricilərin daha da artacağı, həmçinin yeni tətbiqlərin istifadəyə verilməsi ilə yalnız xidmət keyfiyyətinin deyil, həm də təhlükəsizlik səviyyəsinin yüksələcəyi və ümumilikdə xidmətlərin maya dəyərinin azalacağı gözlənilir. Bu proseslər bank sektorunun iqtisadi inkişafdakı rolunu daha da gücləndirəcək və maliyyə ekosisteminin dayanıqlılığına əlavə dəstək verəcək".

44 filmi