ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"

Maliyyə
  • 09 iyun, 2026
  • 10:58
ABA: Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir

Rəqəmsal transformasiya Türk dövlətləri arasında maliyyə inteqrasiyasını gücləndirir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, rəqəmsal transformasiyanın sürətlənməsi, ödəniş sistemləri ekosistemində yeni texnologiyaların tətbiqi, Ani Ödəniş Sistemlərinin genişlənməsi, eləcə də rəqəmsal bankçılıq və innovativ maliyyə həlləri Türk dövlətləri arasında maliyyə inteqrasiyası üçün yeni imkanlar yaradır: "Təbii ki, hər bir dövlətin və hər bir üzv təşkilatın maliyyə imkanları bu prosesdə mühüm rol oynayır. Bu ilin aprel ayına olan göstəricilərə əsasən, bank sektorunun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 % artaraq 57,4 milyard manata çatıb. Bu artım bank sektorunun ümumi maliyyə tutumunun genişləndiyini və iqtisadiyyata vasitəçilik rolunun daha da gücləndiyini göstərir".

Z.Nuriyev qeyd edib ki, kredit portfelində də müsbət dinamika müşahidə olunmaqdadır: "Belə ki, bank sektorunun cəmi kredit portfeli 8,9 % artaraq 30,6 milyard manata çatıb. Xüsusilə biznes kreditlərinin həcmi artaraq 16,3 milyard manata yüksəlib. Real sektorun maliyyələşməsi kontekstində aqrar sektor da xüsusi əhəmiyyət daşıyan istiqamətlərdən biridir".

44 - Tezliklə