"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir"

Komanda
  • 26 avqust, 2026
  • 14:44
Xilasedicinin baş məşqçisi Cəlil Cəlilov: Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir

Voleybol üzrə kişilərdən ibarət "Xilasedici" komandasının hədəfi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır.

Bu barədə "Report"a açıqlamasında Yüksək Liqa təmsilçisinin baş məşqçisi Cəlil Cəlilov bildirib.

Mütəxəssis qarşıdakı mövsümə hazırlaşdıqlarını söyləyib:

"Yeni transferlərimiz var. Avqustun 10-dan hazırlığa başlamışıq. Həm fiziki, həm də topla məşqlər edirik. Vaxtımız azdır. Heyətimiz demək olar ki, yenilənib. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ən azından II turda qələbə qazanmaq niyyətindəyik. III turda uduzsaq, CEV Kubokunda 1/8 finaldan mübarizəyə başlayacağıq".

O, Türkiyədə təlim-məşq toplanışında olacaqlarını da diqqətə çatdırıb:

"Sentyabrın 25-də İzmirə yola düşəcəyik. Orada 4 komanda ilə yoxlama oyunu keçirəcəyik".

Xatırladaq ki, kişilərdən ibarət "Xilasedici" klubu Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Sportinq"lə görüşəcək. İlk matçlar noyabrın 2-5-də, cavab qarşılaşmaları 10-12-də gerçəkləşəcək.