"Sumqayıt"ın basketbolçusu: "Qələbə seriyamızı davam etdirmək niyyətindəyik"
- 13 noyabr, 2025
- 16:16
"Sumqayıt" Azərbaycan Basketbol Liqasında qələbə seriyasını davam etdirmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Hüseyn Qaflanov Sumqayıt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.
Basketbolçu yeni olmasına baxmayaraq komandada dostluq aurası hiss etdiyini də vurğulayıb:
"Komandada yeni oyunçu olsam da, tez bir zamanda dostluq aurası hiss etdim. Həm əcnəbi, həm də yerlilər istər meydanda, istərsə də ondan kənarda komanda kimi birlikdə çalışırlar. Hələ qarşıda uzun bir mövsüm var və düşünürəm ki, fiziki, zehni cəhətdən tam güclü olacağıq".
O, son iki oyunda "Sumqayıt"ın qələbə qazanmasını inkişaf üçün təkan adlandırıb:
"Son iki oyun komandamız üçün uğurlu keçdi. Məşqçimizin rəhbərliyi altında komanda olaraq birlikdə çalışdıq və gücümüzü nümayiş etdirdik. Bu oyunlar mənim üçün çox vacib idi, çünki komanda oyununa və komanda yoldaşlarıma öyrəşmişdim. Qələbə seriyamızı davam etdirmək niyyətindəyik".
H.Qaflanov Azərbaycan Basketbol Liqasının VII turunda keçiriləcək "Naxçıvan"la oyunda qələbə qazanacaqlarına inanır:
"Hazırda "Naxçıvan" B qrupunun liderlərindən biridir. Bununla belə, biz bu oyuna yaxşı hazırlaşmışıq və yalnız qələbə haqda fikirləşirik. Heyətimiz digər komandalarla müqayisədə bir qədər kasaddır, lakin bütün oyunçular sağlam və hazırdırlar".
Qeyd edək ki, "Sumqayıt" - "Naxçıvan" matçı noyabrın 14-də Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.