Rəşad Rəsullu: "Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq"

Komanda
  • 03 oktyabr, 2026
  • 14:17
Rəşad Rəsullu: Dünya çempionatına ev sahibliyi etməkdən qürur duyuruq

Qarşıdakı günlərdə Bakı beynəlxalq cüdo təqviminin ən mühüm yarışlarından birində dünyanın aparıcı idmançılarını bir araya gətirəcək.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasimində fikirlərini bölüşüb:

"Dünyanın müxtəlif ölkələrindən olan idmançıların qarşılıqlı hörmət və ədalətli mübarizə prinsipləri əsasında ən yüksək səviyyədə yarışacağı bu mötəbər çempionata ev sahibliyi etməkdən qürur duyuruq".

O, qurum adından Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerə və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova dünya çempionatının təşkilinə göstərdikləri dəyərli dəstəyə və verdikləri töhfəyə görə səmimi təşəkkürünü bildirib:

"Eyni zamanda, Beynəlxalq Cüdo Federasiyasına, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də çempionatın hazırlıq və təşkilati prosesində əməyi olan hər kəsə təşəkkür edirəm. Bugünkü püşkatma yarışların başlanmasına doğru son mərhələdir. Bütün idmançılara möhkəm cansağlığı, uğurlu çıxışlar və tatamidə müvəffəqiyyət arzulayıram. Ümid edirik ki, Bakıda keçirdiyiniz vaxtdan və Azərbaycanın qonaqpərvərliyindən xoş təəssüratlarla ayrılacaqsınız. Hər kəsə uğurlu və yaddaqalan dünya çempionatı arzulayıram".

Xatırladaq ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.