Baş məşqçi: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir
- 04 noyabr, 2026
- 19:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı Azərbaycan idmançıları üçün çox böyük təcrübədir.
"Report" xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbayacan yığma komandasının baş məşqçisi Orxan Mustafayev Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimi zamanı bildirib.
O deyib ki, kişilərdən ibarət yığma komanda bir ilə yaxındır təlim-məşq toplanışlarında iştirak edir:
"Ölkəmiz ilk dəfədir bu yarışa rəhbərlik edir. Bu bizim idmançılarımız üçün çox böyük təcrübədir. Komandamız ruh yüksəkliyi ilə bu yarışa hazırlaşıb. İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik. Təşkilatçı ölkə olduğumuz üçün üzərimizə böyük məsuliyyət düşür.
Bu idman 4 növdən ibarətdir. Bu gün artıq yarışlar başlayıb. Ümumiyyətlə, dünya çempionatlarında və beynəlxalq turnirlərdə komandamız çox iştirak edib. Çinin Harbin şəhərində keçirilən dünya çempionatında döyüş açılışı növü üzrə komandamız üçüncü yerə çıxıb. Ümidimiz var ki, həmin nəticə və ondan da yüksək nəticə ölkəmizdə, paytaxtımızda baş tutacaq".