Azərbaycan komandası Gürcüstanda xeyriyyə qaçışında iştirak edib
- 28 sentyabr, 2026
- 17:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisidə Gürcüstanın yaralanmış hərbi qulluqçularına dəstək məqsədilə keçirilən "Georgian Wounded Warriors Charity Run 2026" xeyriyyə qaçışında Azərbaycan komandası da iştirak edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Lisi gölü və Lisi silsiləsi ərazisində keçirilən tədbir Gürcüstan Müdafiə Nazirliyi və Müdafiə Qüvvələri, Tbilisi Müdafiə Attaşelər Assosiasiyası və "Wounded Warrior Support Foundation"ın təşkilatçılığı ilə baş tutub.
Xeyriyyə qaçışının əsas məqsədi Gürcüstan Müdafiə Qüvvələrinin yaralanmış hərbi qulluqçularına dəstək göstərmək və onların xidmətinə ehtiram ifadə etmək olub.
Qaçış 3, 7 və 21 kilometr məsafələr üzrə təşkil edilib. 21 kilometrlik yarımmarafon, 7 kilometrlik qaçış və 3 kilometrlik əyləncə qaçışı və yürüşdə diplomatik korpusun nümayəndələri, hərbi qulluqçular, veteranlar, yaralı hərbçilər və digər iştirakçılar yer alıblar.
Azərbaycan komandası da tədbirdə iştirak edib. Komanda üzvləri xeyriyyə təşəbbüsünə qoşularaq Gürcüstanın yaralı hərbi qulluqçularına və veteranlarına dəstəyini nümayiş etdiriblər.
Tədbir çərçivəsində iştirakçılardan və dəstəkçilərdən ümumilikdə 14 800 lari vəsait toplanıb. Bildirilib ki, toplanan vəsait "Wounded Warrior Support Foundation"a ianə ediləcək və Gürcüstanın ərazi bütövlüyünün müdafiəsi zamanı, eləcə də beynəlxalq sülhməramlı missiyalarda xidmət edərkən yaralanmış hərbi qulluqçulara və veteranlara dəstək üçün istifadə olunacaq.
Qaçış zamanı Gürcüstan Müdafiə Qüvvələrinin Orkestri tərəfindən musiqi proqramı təqdim olunub. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib.
"Georgian Wounded Warriors Charity Run" əvvəlki illərdə də keçirilib.