"Bloomberg": "Anthropic" səhmlərin yerləşdirilməsi hesabına 94 milyard dollardan çox vəsait cəlb edə bilər
- 19 noyabr, 2026
- 03:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellektin hazırlanması üzrə ixtisaslaşan Amerikanın "Anthropic" şirkəti səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) qiymətini bir səhm üçün 83 dollar səviyyəsində müəyyən edib.
"Report"un "Bloomberg"ə istinadən məlumatına görə, bu barədə sövdələşmənin detalları ilə tanış olan mənbələr bildiriblər.
Müəyyən edilmiş qiymət bir səhm üçün ilkin açıqlanan 70–78 dollar diapazonunu üstələyir. Agentliyin həmsöhbətlərinin məlumatına görə, yerləşdirmənin həcmi də artırılıb.
"Bloomberg"in qiymətləndirmələrinə görə, IPO nəticəsində ən azı 68 milyard dollar cəlb oluna, 26 milyard dollar məbləğində səhmlərin özəl yerləşdirilməsi də nəzərə alınmaqla, sövdələşmənin ümumi həcmi 94 milyard dolları keçə bilər.
Müqayisə üçün bildirək ki, Amerikanın "SpaceX" aerokosmik şirkəti iyun ayında IPO çərçivəsində 75 milyard dollar cəlb edib, səhmlərin əlavə yerləşdirilməsi nəzərə alınmaqla, bu məbləğ 86,2 milyard dollara çatıb.
"Anthropic"in IPO-sunun aparıcı təşkilatçıları qismində "Goldman Sachs" və "Morgan Stanley" investisiya bankları çıxış edir.
Şirkət səhmlərinin ticarətinin noyabrın 19-da "Nasdaq" birjasında "ANT" tikeri altında başlayacağı gözlənilir.