WUF13-ün internet saytı fəaliyyətə başlayıb

İnfrastruktur
  • 27 fevral, 2026
  • 10:38
WUF13-ün internet saytı fəaliyyətə başlayıb

Bu gün Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) WUF13.az internet səhifəsinin təqdimatı olub.

"Report" xəbər verir ki, internet səhifəsi WUF13-ün hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında təqdim edilib.

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Azərbaycan Əməliyyat Şirkətinin Rəqəmsal Marketinq şöbəsinin rəhbəri Elnur Mirzəzadə bildirib ki, saytın yaradılmasında əsas məqsəd tədbir iştirakçıları, media nümayəndələri və geniş ictimaiyyət üçün məlumatlara vahid, rahat və sürətli çıxışı təmin etməkdir: "Saytın dizaynı tədbirin rəsmi loqosunun rənglərindən ibarətdir. Bununla yanaşı, saytın vizual tərtibatında Azərbaycanın milli memarlıq elementləri, naxışları və milli yanaşmamız müasir rəqəmsal trendlərlə sintez edilib".

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Qeyd edək ki, Dünya Şəhərsalma Forumu (WUF) 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradlıb. Təşkilatın məqsədi bu gün dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərləşməni və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini həll etməkdir.

BMT-Habitat tərəfindən çağırılan Forum davamlı şəhərləşmənin çağırışlarının həll edilməsi üçün yüksək səviyyəli, açıq və əhatəli platformadır.

Dünya Şəhər Forumunun məqsədləri geniş ictimaiyyət də daxil olmaqla, maraqlı tərəflər və təmsil olunan qruplar arasında davamlı şəhərləşmə ilə bağlı məlumatlılığın artırılması, açıq və əhatəli müzakirələr, ən yaxşı təcrübələrin və siyasətlərin mübadiləsi, əldə edilmiş dərslərin bölüşülməsi vasitəsilə davamlı şəhər inkişafı üzrə kollektiv biliklərin təkmilləşdirilməsidir.

Bundan başqa, məqsədlərdən biri də davamlı şəhərləşmənin irəlilədilməsi və həyata keçirilməsi ilə məşğul olan müxtəlif maraqlı tərəflər və təmsil olunan qruplar arasında əməkdaşlığın və kooperasiyanın təşviq edilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti