WUF13 çərçivəsində keçirilən sessiyada şəhərsalmanın gələcək istiqamətləri müzakirə olunub
- 19 may, 2026
- 15:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Yerli icmalarla qlobal şəhər ekspertizasının körpü qurulması" adlı sessiyada şəhərsalmanın gələcək istiqamətləri, icma iştirakı və inklüziv idarəetmə modelləri barədə müzakirələr aparılıb.
"Report" xəbər verir ki, Beynəlxalq Şəhərsalma üzrə serbiyalı professor Ali Alrauf çıxışında WUF13-ün əsas prioritetlərindən birinin gənc nəslin şəhərsalma və qərarvermə proseslərinə daha fəal şəkildə cəlb edilməsi olduğunu bildirib.
Onun fikrincə, bu yanaşma gələcəkdə şəhərlərin idarə olunmasında yeni nəsil planlaşdırıcıların və mütəxəssislərin rolunu gücləndirəcək.
"Platforma xüsusilə gələcəkdə qərarverici mövqelərdə olacaq gənclər və gənc planlaşdırıcılar üçün nəzərdə tutulur".
A.Alrauf həmçinin forumun mahiyyət etibarilə ənənəvi idarəetmə yanaşmalarından uzaqlaşaraq daha açıq, iştirakçı və icma əsaslı modellərə keçidi təşviq etdiyini vurğulayıb:
"Bu dəyişiklik şəhərsalma prosesində təkcə dövlət və ekspertlərin deyil, həm də yerli sakinlərin, icma nümayəndələrinin və müxtəlif sosial qrupların daha aktiv iştirakını nəzərdə tutur. Bu yanaşma şəhərlərin daha dayanıqlı və sosial baxımdan ədalətli inkişafına xidmət edir".
Almaniyalı memar Rolf Şuett isə müzakirələrdə qlobal və yerli səviyyədə əlaqələndirmənin vacibliyinə diqqət çəkib. O bildirib ki, müasir şəhərsalma yalnız forumlarda iştirak edən institutlarla məhdudlaşmamalı, eyni zamanda, bu platformalara fiziki və ya institusional olaraq gələ bilməyən icmalarla da əlaqə qurulmalıdır: "Bu isə şəhər planlaşdırılmasında daha geniş əhatəli kommunikasiya və inklüziv mexanizmlərin qurulmasını zəruri edir".
Serbiyalı professor Darinka Qoluboviç isə mühəndislik və şəhər planlaşdırması sahəsində multidissiplinar əməkdaşlığın əhəmiyyətini ön plana çəkib. Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafı yalnız texniki həllərlə məhdudlaşmamalı, sosial faktorlar da eyni dərəcədə nəzərə alınmalıdır:
"İnfrastruktur daha uyğunlaşa bilən və insan mərkəzli olmalıdır. Məqsəd təkcə güclü strukturlar qurmaq yox, həm də insanların təhlükəsiz şəkildə yaşaya və əməkdaşlıq edə biləcəyi, zamanla inkişaf edə biləcəyi məkanlar yaratmaqdır. Bu mənada, dayanıqlılıq yalnız texniki məsələ deyil, həm də sosial məsələdir".