Vüsal Qasımlı: "Bir pəncərə" nəqliyyat xidmətləri balansını daha da yaxşılaşdıra bilər"
- 16 iyul, 2026
- 10:38
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bir pəncərə" Rəqəmsal Logistika Platforması Azərbaycanın nəqliyyat xidmətləri balansının daha da yaxşılaşmasına mühüm töhfə verə bilər.
"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Bir pəncərə" Rəqəmsal Logistika Platformasının (www.dlp.gov.az) təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, bu ilin I rübündə Azərbaycanın tədiyyə balansında qarşılıqlı xidmətlər dövriyyəsinin 30 %-i nəqliyyat xidmətlərinin payına düşüb. Ümumi dəyəri 1,3 milyard ABŞ dolları olan nəqliyyat xidmətlərinin 69 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi hesabına formalaşıb: "Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,5 % artıb, idxalı isə 10,6 % azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 54,4 % artaraq 0,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da nəqliyyat xidmətlərinin Azərbaycanın xidmətlər balansında dayanıqlı və artan töhfəyə malik istiqamətə çevrildiyini göstərir".
"DLP idxal, ixrac, tranzit, nəqliyyat və logistika proseslərini vahid rəqəmsal ekosistemdə birləşdirərək prosedurları sadələşdirir, vaxt və xərclərə qənaəti təmin edir, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Platforma Azərbaycanın Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzərində strateji mövqeyini möhkəmləndirməyə və ölkənin regional nəqliyyat-logistika mərkəzi kimi rolunu daha da gücləndirməyə xidmət edəcək, gələcəkdə Azərbaycanın Dünya Bankının Logistika Performansı İndeksində (LPI) daha yüksək nəticələr əldə etməsi üçün mühüm institusional və rəqəmsal baza formalaşdıracaq, nəqliyyat-logistika sektoruna investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərəcək, "Yaşıl dəhliz" buraxılış sistemindən istifadəni genişləndirəcək və səlahiyyətli iqtisadi operator statusuna inteqrasiyanı yaxşılaşdıracaq", - deyə V.Qasımlı əlavə edib.