Vüqar Məmmədov: "Coğrafi mövqeyi real rəqabət üstünlüyünə çevirmək üçün infrastruktura ehtiyac var"
- 06 oktyabr, 2026
- 10:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Coğrafi mövqeyi real rəqabət üstünlüyünə çevirmək üçün ölkələrin infrastruktura, nəqliyyat sahəsində potensiala ehtiyacı var.
"Report" xəbər verir ki, bunu "Silk Way West Airlines" şirkətinin MDB, Türkiyə və İsrail üzrə vitse-prezidenti Vüqar Məmmədov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Orta Dəhliz inkişafının çox mühüm mərhələsinə qədəm qoyur: "Uzun illərdir ki, biz Orta Dəhlizdən əsasən Asiya və Avropa arasında alternativ nəqliyyat yolu kimi danışmışıq. Bu gün düşünürəm ki, biz ona daha geniş şəkildə baxmalıyıq. Məqsəd sadəcə başqa bir yol yaratmaq olmamalıdır. Məqsəd inteqrasiya olunmuş, etibarlı və rəqabətədavamlı təminat zənciri ekosistemi qurmaq olmalıdır. Bu, vacib məsələdir, çünki dəhliz yalnız onun ayrı-ayrı hissələri arasındakı əlaqələr qədər güclüdür. Dəmir yolları, dəniz limanları, aviaşirkətlər təcrid olunmuş şəkildə fəaliyyət göstərə bilməz. Gömrük, rəqəmsal sistemlər, bunların hamısı birlikdə işləməlidir".
V.Məmmədov əlavə edib ki, Azərbaycan bu əlaqələndirici rolunu oynamaq üçün əlverişli mövqeyə malikdir: "O, coğrafi baxımdan Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz, Türkiyə və Avropa arasında yerləşir. Lakin təkcə coğrafiya kifayət deyil. Coğrafi mövqeyi real rəqabət üstünlüyünə çevirmək üçün sizə infrastruktur, potensial və bu müxtəlif elementləri birləşdirə bilən operatorlar lazımdır. Hesab edirəm ki, Azərbaycanın əhəmiyyətli irəliləyiş əldə etdiyi sahə məhz budur".