Vüsal Hüseynov: Azərbaycanda miqrantların təhlükəsiz və rahat yaşaması üçün uyğun şərait yaradılıb

İnfrastruktur
  • 20 may, 2026
  • 15:47
Vüsal Hüseynov: Azərbaycanda miqrantların təhlükəsiz və rahat yaşaması üçün uyğun şərait yaradılıb

Azərbaycanda miqrantların təhlükəsiz və rahat yaşaması üçün uyğun şərait yaradılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Miqrasiya və Şəhərlər: təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi" adlı tədbirdəki çıxışında deyib.

Onun sözlərinə görə, qeyd olunan məsələ ilə bağlı müzakirələr WUF13 çərçivəsində qalmayacaq:

"Azərbaycan daim miqrasiya və şəhərsalma mövzusunda əməkdaşlığa açıqdır. Bu sahədə müntəzəm görüşlər keçirilir və yeni əməkdaşlıqlar qurulur".

DMX sədri əlavə edib ki, şəhərlər miqrasiyanın real şəkildə hiss olunduğu məkanlardır:

"İnsanlar burada yeni imkanlar və çağırışlarla qarşılaşırlar. Urbanizasiya və miqrasiya yalnız qlobal tendensiyalar deyil, eyni zamanda bir-biri ilə sıx bağlı olan proseslərdir. Buna görə də miqrasiya və urbanizasiya problemləri paralel şəkildə həll edilməlidir. Bu gün hökumətlər modernləşmənin texniki tərəflərinə böyük investisiyalar yatırırlar. Ağıllı evlər, dayanıqlı yaşayış məkanları, müasir infrastruktur və şəhərsalma layihələri həyata keçirilir. Lakin cəmiyyətlərin dayanıqlığını təmin etmək üçün ən vacib məsələ insan amilidir. Şəhərlərin inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı, innovasiya, yaradıcılıq və əməkdaşlıqdır. Fiziki infrastruktur inkişafı sürətləndirə bilər, lakin insan mərkəzli idarəetmə olmadan ən müasir sistemlər belə uzunmüddətli sabitliyi təmin edə bilməz".

V.Hüseynov onu da bildirib ki, Azərbaycan miqrasiyanın idarə olunması siyasətində innovasiya, inklüzivlik və hüquq əsaslı yanaşmaları prioritet hesab edir:

"Ölkəmiz yalnız iqtisadi inkişaf və yeni imkanlara görə deyil, həm də miqrantların inteqrasiyasını dəstəkləyən hüquqi və sosial mexanizmlərə görə cəlbedici məkanlardan birinə çevrilib. Bu yanaşma miqrantların ölkəmizdə özlərini təhlükəsiz və qəbul olunmuş hiss etmələrinə şərait yaradır".