UN-HABITAT Xəzər boyu iqlimə davamlı şəhərlərin yaradılmasında Azərbaycana dəstək verir
- 15 oktyabr, 2025
- 13:48

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) öhdəliklərin yenilənməsi, irəliləyişin izlənilməsi və beynəlxalq tərəfdaşlıqların aktivləşdirilməsi üçün qlobal nəzarət nöqtəsinə çevriləcək.
"Report"un Xankəndiyə ezam olunmuş müxbirinin məlumatına görə, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru və təşkilatın baş katibinin müavini Anaklaudiya Rossbax bildirib.
Onun sözlərinə görə, bu gün təxminən 3 milyard insanın mənzil şəraiti əlverişsizdir, 1 milyarddan çox insan gecəqondu və ya qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır, 300 milyondan çox insan isə evsizdir.
"Mənzil ləyaqətin, imkanların və iqlim dayanıqlılığının təməlidir. Məhz bu səbəbdən o, üzv dövlətlərin bu il təsdiqlədiyi UN-HABITAT-ın 2029-2034-cü illər üçün yeni strateji planının təməl daşı olub", - icraçı direktor vurğulayıb.
O qeyd edib ki, Bakıda keçiriləcək WUF13 bu gün Azərbaycanda müşahidə olunan təkana əsaslanacaq.
"2023-cü ilin ortalarında Bakıda ölkə ofisimizi açdığımız vaxtdan bəri UN-HABITAT kompleks şəhər həllərinin tətbiqi üçün milli və yerli tərəfdaşlarla fəal əməkdaşlıq edir. UNEP və IOM ilə birgə həyata keçirilən 10 milyon ABŞ dolları dəyərində Uyğunlaşma Fondu layihəsi çərçivəsində Xəzər sahili boyu iqlimə davamlı şəhər və icmaların yaradılmasında Azərbaycana dəstək veririk.
Bu, Böyük Bakıda infrastrukturun ekoloji cəhətdən optimallaşdırılmasını, Neftçalada erkən xəbərdarlıq sistemlərinin inkişafını və Astarada yağış sularının toplanması vasitəsilə su təhlükəsizliyinin təmin edilməsini əhatə edir. Bütün təşəbbüslər yerli icmaların iştirakına və inklüziv layihələndirmə prinsiplərinə əsaslanır.
Bundan əlavə, UN-HABITAT milli prioritetlərə və qlobal öhdəliklərə uyğun olaraq şəhər dayanıqlılığı üçün siyasi və institusional çərçivələrin qurulmasına kömək edir", - A.Rossbax əlavə edib.