UN-Habitat rəsmisi: "Şəhərləri idarə edən sistemlər mövcud mürəkkəbliyə cavab vermir"
- 21 may, 2026
- 10:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhərləri idarə etmək üçün istifadə edilən sistemlər müşahidə edilən mürəkkəbliyə uyğun gəlmir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Rafael Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər İdarəçiliyi üzrə Magistr (MCA) Proqramının Qlobal Təqdimatı" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, burada şəhərlərin dayanıqlılıq, imkan və dəyişiklik üçün hərəkətverici qüvvə kimi əhəmiyyətini qəbul edilən bir vaxtda toplaşıblar: "Lakin bu həftə forum boyunca irəlilədikcə çox böyük bir sual veririk: Biz həqiqətən gələcəyin şəhərlərini idarə etməyə hazırıqmı? UN-Habitat dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərir və biz çox vaxt tətbiq mərhələsində dayanan iddialı şəhərsalma siyasətləri görürük. Bu, baxışın olmamasından deyil, liderlərin və hökumətlərin biliyə çatmaq, onu yerlərdə koordinasiyalı və davamlı tədbirlərə çevirmək imkanlarının olmamasından qaynaqlanır. Bilirik ki, tədqiqatlar, metodologiyalar və çərçivələr mövcuddur, lakin çox vaxt çatışmayan şey maliyyəni, idarəetməni, planlaşdırmanı və siyasəti ardıcıl, maliyyələşdirilə bilən və həyata keçirilə bilən həllərə inteqrasiya etmək bacarığıdır".
O bildirib ki, Şəhər İdarəçiliyi üzrə Magistraturanı Bakıda qlobal səhnəyə rəsmi olaraq təqdim etməkdən şərəf duyur: "Bu gün biz Şəhər İdarəçiliyi üzrə Magistraturanın qlobal təqdimatı kimi çox mühüm bir mərhələni qeyd edirik. Bu, yeni peşəkar karyera yolunun əsası kimi düşünülmüş magistratura dərəcəsidir – şəhər rəsmlərinə şəhər idarəçiliyinin ən yüksək səviyyələrində rəhbərlik etmək üçün etimadnamə, şəbəkə və səriştələr verəcək bir yoldur. Biz onun şəhər maliyyəsini, mənzil sistemlərini, infrastrukturu, idarəetməni və siyasi rəhbərliyi bir araya gətirən multidissiplinar dizaynını çox yüksək qiymətləndiririk. Çünki bu gün şəhərlərin üzləşdiyi çağırışlar təcrid olunmuş sahələrdə mövcud deyil, əksinə bu müxtəlif sektorlar, qurumlar və idarəetmə səviyyələri boyunca yayılır. Daha inklüziv, dayanıqlı və davamlı şəhərlər formalaşdıracaq şəhər liderlərinin yeni nəslini səbirsizliklə gözləyirəm".