Cənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib

Digər ölkələr
  • 29 oktyabr, 2026
  • 10:23
Cənubi Koreyada eks-prezident Yun Sok Yol üçün ölüm cəzası tələb edilib

Cənubi Koreyanın xüsusi prokurorlar qrupu qiyam və hərbi vəziyyət elan etmə cəhdi ilə bağlı iş üzrə apellyasiya prosesi zamanı ölkənin sabiq prezidenti Yun Sok Yol üçün ölüm cəzası tələb edib.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, xüsusi prokuror Ço In-sokun komandası bu tələbi Seul Ali Məhkəməsindəki dinləmələrdə irəli sürüb.

"Ölüm hökmünün çıxarılmasında tərəddüd etmək üçün heç bir səbəb yoxdur", - xüsusi prokuror komandasının nümayəndələrindən biri bildirib.

Prokurorluq ölüm cəzasına moratoriumun tətbiq edilməsinin belə cəzanın elan edilməsindən imtina üçün səbəb hesab edilməməsində təkid edir. Hətta işə birinci instansiya məhkəməsində baxılması mərhələsində də ittiham tərəfi ölüm cəzasının artıq bir neçə onillikdir ki, icra edilmədiyini etiraf edir, lakin cəzanın qaçılmaz olduğunu nümayiş etdirmək üçün edam hökmünün çıxarılmasının zəruriliyində israr edirdi.

Koreya Respublikasının Cinayət Məcəlləsində qiyamın təşkilatçısı üçün yalnız iki növ cəza nəzərdə tutulur: ölüm cəzası və ömürlük həbs.

2026-cı ilin fevralında birinci instansiya məhkəməsi Yun Sok Yolu qiyam təşkil etmək ittihamı ilə ömürlük həbsə məhkum etmişdi. 2024-cü ilin dekabrında Yun Sok Yol müxalifəti dövlət əleyhinə fəaliyyətdə günahlandıraraq ölkədə gözlənilmədən fövqəladə hərbi vəziyyət elan etmişdi. Milli Assambleyanın (parlamentin) binasına qoşunlar yeridilmişdi.